İlham Əliyev Çinin baş prokuroru qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Çin Xalq Respublikasının baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlıq etdiyini dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi sahədə də yaxşı nəticələrin əldə olunduğunu vurğuladı. Prezident İlham Əliyev hüquq mühafizə orqanlarının arasında əməkdaşlığının inkişaf etdirilməsinin ölkələrimiz arasında mövcud olan çoxşaxəli əlaqələrin genişləndirilməsinə müsbət təsirini göstərəcəyini vurğulayaraq Çin Xalq Respublikasının baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminqin ölkəmizə səfərinin bu əlaqələrin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycanın Çinin böyük və etibarlı dostu olduğunu vurğulayan cənab Çao Cianminq ölkəmizin regionda mövqelərinin daha da güclənməsində maraqlı olduqlarını dedi. Qonaq Azərbaycan ilə Çinin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək vermələrinin önəmini qeyd etdi. O, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası çərçivəsində ölkələrimizin hüquq mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq etdiklərini bildirdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO