“Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır”

“Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Son illər ərzində bu sahədə böyük uğurlar əldə edilmişdir. Bu siyasət məqsədyönlü şəkildə davam etdiriləcəkdir. Burada biz müxtəlif alətlərdən istifadə edirik. Əlbəttə ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcəkdir. Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik. Bununla bərabər, institusional tədbirlər də, sistem xarakterli tədbirlər də görülməlidir və görülür. Onların arasında elektron xidmətlərə keçid məsələləri də mühüm yer tutur. Burada qeyd olunduğu kimi, İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir”. Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.
Azərbaycan Respublikasının prezidenti vurğulayıb ki, şəffaflıq maksimum dərəcədə təmin edilməlidir: “Yenə də deyirəm, cəza tədbirləri, inzibati tədbirlər, institusional sistem xarakterli tədbirlər əminəm ki, gələcəkdə də korrupsiyaya qarşı mübarizədə bizə kömək edəcəkdir. Keçən ilin sonunda biz bu sahədə, yəni bütün bu vacib sahələri ehtiva edən yeni qurumun yaradılmasına nail ola bilmişik. “ASAN xidmət” artıq öz fəaliyyətinə başlayır və bu xidmətdə məhz dediyim amillər cəmləşir – həm innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik, müasirlik. Məhz ölkəmiz bu istiqamətdə inkişaf etməlidir. Buna nail olmaq üçün, əlbəttə, biz kadr potensialının hazırlanmasına bundan sonra da çox ciddi fikir verməliyik. Mən çox şadam ki, indi Azərbaycanda müxtəlif yerlərdə gənc, müasir kadrlar fəaliyyətə başlayır, yetişir. Onlar vətənpərvərlik ruhunda tərbiyə olunub, eyni zamanda, bilikli, savadlı gənclərdir. Onlar bizim gələcəyimizdir. Ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialı yetişməlidir. Bu məqsədə çatmaq üçün biz müxtəlif imkanlardan istifadə edirik. Bildiyiniz kimi, gənclərimizi xaricdə oxuduruq, onları dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə göndəririk. Bu, əlbəttə müsbət təşəbbüs idi və davam edir. Ancaq mən hesab edirəm ki, indi daha çox ölkə daxilində biz elə sistem yaratmalıyıq ki, müasir biliklərə çatmaq, onları əldə etmək üçün bütün imkanlar olsun. Bu sahədə də tədbirlər görülür və görüləcəkdir. Biz yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gəncləri daha da çox cəlb etməliyik.
Maliyyə məsələləri ilə bağlı olan bir məsələni də qeyd etmək istəyirəm. Baxmayaraq ki, mən bu məsələ barədə dəfələrlə fikirlərimi, iradlarımı bildirmişəm və müəyyən işlər görülübdür, ancaq hələ ki, lazımi səviyyədə deyildir. Azərbaycanda nağdsız ödəmələr çox aşağı səviyyədədir. Bu, böyük problemdir. Bu, bir tərəfdən bu sistemdə şəffaflığın tam təmin edilməsi üçün bizə imkan vermir, eyni zamanda, xoşagəlməz halların mövcudluğunu da şərtləndirir. Hesab edirəm ki, bu il daha da ciddi tədbirlər görülməlidir. Mən təkliflər gözləyirəm ki, nağdsız hesablaşmaların, ödəmələrin sayı artsın. 2012-ci ildə doğrudan da, bu sahədə çox böyük işlər görülmüşdür və mən bu işləri qiymətləndirirəm. Hesab edirəm ki, biz bu il və bundan sonrakı illərdə də bu sahəyə çox ciddi fikir verməliyik. Burada, necə deyərlər, heç bir yeni üsul icad etməməliyik, inkişaf etmiş ölkələrin təcrübələrinə baxmaq kifayətdir”.

Femida.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO