Kiyevdə ümumilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib


Kiyevdə Ukrayna Beynəlxalq İdarəetmə Akademiyasının (UBİA) Heydər Əliyev adına sosial elmlər İnstitutunda Azərbaycanın Ukraynadakı Səfirliyinin, UBİA-nın, institutun və Ukrayna Azərbaycanlı Gəncləri Birliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.

Ukrayna Azərbaycanlı Gəncləri Birliyindən Trend-ə bildiriblər ki, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Səfirliyin kollektivi, akademiyanın rəhbərliyi, Ukraynanın ictimai və elm xadimləri, Azərbaycan diasporunun nümayəndələri, KİV nümayəndələri, tələbələr və s. iştirak etmişlər.

İştirakçılar ümummilli liderin akademiyanın həyətində ucaldılmış abidəsi önünə çiçəklər qoyandan sonra konfrans işinə başlamışdır. Tədbirin əvvəlində Azərbaycan Milli Televiziyasının və Ukrayna Dövlət Birinci kanalının birgə Heydər Əliyev barədə Ukrayna dilində hazırladıqları “İnsanlara bağışlanan ömür” sənədli filmi nümayiş etdirilmişdir. Filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan səfir E.Mədətli Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında, getdikcə artan inkişaf yolu tutmasında Heydər Əliyevin əvəzsiz rolundan, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin rəhbərliyi altında işlədiyi vaxtlarda ulu öndərlə bağlı xatirələrini bölüşmüşdür. Akademiyanın rektoru A.Podolyaka və Heydər Əliyev adına sosial elmlər İnstitutunun direktoru İ.Bidzyura çıxışlarında Heydər Əliyev kimi şəxsiyyətlərin bütün dünyanın sərvəti olduğunu vurğulamışlar.

Konfransda “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişafı” mövzusunda Səfirliyin müşaviri N.Əliyev, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusu ilə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri siyasi elmlər namizədi A.Tahirov, tarixçi alim və Ukrayna yazıçılar birliyinin üzvü Y.Şilov, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev, akademiyanın ilahiyyat kafedrasının müdiri Dionis ata və digərləri çıxışlar etmişlər.

Konfransda səfir E.Mədətli Heydər Əliyev adına sosial elmlər İnstitutunun rəhbərliyi tərəfindən fəal və çalışqan tələbələr arasında seçilmiş Olena Ovapenkoya Heydər Əliyev mükafatı və təqaüdü təqdim etmişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO