Kiyevdə ilk dəfə olaraq ali məktəbdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb.
Trend-in məlumatına görə, Kiyev Milli Linqvistik Universitetində yaradılan Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin cümə günü rəsmi açılışı olub.
Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla bildirib ki, Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılışı olan Mərkəz iki ölkə arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcək. O, Azərbaycan və Ukrayna arasında mütəmadi tələbə mübadilələrinin həyata keçirildiyini və bunun daha da genişləndiriləcəyini deyib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yardımı ilə yaradılan Mərkəzin açılışında Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən ünvanlanan təbrik məktubu oxunub.
Açılış mərasimində çıxış edən Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Rövşən Tağıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan tələbələrinin dünyanın aparıcı ali məktəblərində təhsil almasına xüsusi diqqət ayırıb: “Məhz Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi ilə azərbaycanlı tələbələrin Moskvanın və keçmiş SSRİ-nin digər nüfuzlu universitetlərinə axını başladı.
Tağıyev qeyd edib ki, Mərkəzin açılması Ukrayna və Azərbaycan gənclərinin əlaqələrinin inkişaf etməsinə şərait yaradacaq.
Açılış mərasimində UAK Ağsaqqallar Şurasının rəhbəri Firuddin Məmmədov Ukraynada təhsil alan azərbaycanlı gənclərin sayının son zamanlar artdığını qeyd edib və iki ölkə gənclərinin əlaqələrinin inkişafının vacibliyini vurğulayıb. O bildirib ki, Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması mədəni əlaqələrin inkişafına müsbət təsir göstərəcək.