Kaliforniyanın Örvayn Universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyasının təşkilatçılığı ilə sözügedən universitetdə fevralın 25-də Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə məlumata görə, “Dağlıq Qarabağ münaqişəsi – Məhv edilmiş şəhərin tarixçəsi” başıqlı tədbirdə Örvayn Universitetinin professor-tələbə heyəti, eləcə də Azərbaycan, türk və erməni icmalarının üzvləri iştirak etmişlər.
Azərbaycan Tələbə Assosiasiyasının həmtəsisçisi Aytən Nəbiyeva tədbiri giriş sözü ilə açaraq, sözügedən Assosiasiyanın 2012-ci ildə yaradıldığını və ABŞ-ın qərb ştatlarında ilk Azərbaycan tələbə cəmiyyəti olduğunu bildirmişdir.
Sonra Assosiasiyanın digər həmtəsisçisi, Qarabağ məcburi köçkünü Rəfiqə Qurbanzadə çıxış edərək, Ermənistan tərəfindən həyata keçirilmiş qanunsuz işğal nəticəsində ailəsinin Qarabağdan necə didərgin salınması barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Amerika-Azərbaycan Şurasının baş direktoru Cavid Hüseynov isə öz çıxışında Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalşçılıq siyasəti, işğal nəticəsində yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından didərgin salınması barədə iştirakçıları slaydlar vasitəsilə məlumatlandırmışdır. Xocalı soyqırımına toxunan natiq bu qanlı cinayətin əsas iştirakçılarından olan erməni terroçusu Monte Melkonyanın qardaşının öz yazdığı kitabda bu qətliamın Ermənistan silahlı qüvvələri tərəfindən törədildiyinin açıq-aydın etiraf edildiyini diqqətə çatdırmışdır. C.Hüseynov Xocalı qətliamının ABŞ-da tanıdılması istiqamətində son illərdə bir sıra irəliləyişlərin əldə olunduğunu söyləyərək, bu səpkidə bir sıra ştatların qanunvericilik orqanları tərəfindən müvafiq qətnamələrin qəbul edilməsinin təqdirəlayiq olduğunu bildirmişdir.
Sonra söz Montana Ştat Universitetinin professoru, Xocalı soyqırımı barədə beynəlxalq KİV-ləri ilk dəfə məlumatlandırmış Tomas Qoltsa verilmişdir. T.Qolts Xocalı soyqırımı haqqında ətraflı danışaraq, bu cinayətin necə baş verməsi, kimlər tərəfindən törədilməsi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Soyqırımı baş verən günlərdə Qarabağda olduğunu və amansızcasına qətlə yetirilmiş günahsız insanların cəsədlərini Ağdam məscidində öz gözləri ilə gördüyünü qeyd edən T.Qolts bu görüntüləri heç zaman unuda bilməyəcəyini bildirmiş və belə bir vəhşi cinayəti törətmiş şəxslərin hələ də azadlıqda gəzməsini, hətta Ermənistan hakimiyyətində yüksək vəzifələr tutmasının ağılasığmaz olduğunu söyləmişdir.
Daha sonra Xocalı soyqırımı haqda T.Qolts tərəfindən çəkilmiş, 1992-ci ilin fevral-mart aylarında soyqırımı barədə müxtəlif beynəlxalq KİV-lər üçün reportajlar hazırlamış amerikalı və avropalı jurnalist və ekspertlərdən götürülmüş müsahibələrə əsaslanan yeni sənədli filmdən parçalar nümayiş etdirilmişdir.
Nümayişdən sonra T.Qolts və C.Hüseynov tədbir iştirakçılarının, o cümlədən erməni iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.