Hökümə Qurbanovanın və Nigar Rəfibəylinin 100 illik yubileyləri keçiriləcək


Prezident İlham Əliyev Hökümə Qurbanovanın 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
2013-cü ildə böyük səhnə ustası, Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Abbasəli qızı Qurbanovanın 100 illiyi tamam olur.
Hökümə Qurbanova canlandırdığı romantik çalarlı və mübariz xarakterli qəhrəman qadın obrazları qalereyası ilə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsini zənginləşdirib. Yüksək istedada malik qüdrətli aktrisanın bənzərsiz yaradıcılığı sənətkarların yeni nəsli üçün məktəb olaraq qalmaqdadır.
Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Dövlət başçısı, həmçinin Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2013-cü ildə Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, xalq şairi Nigar Xudadat qızı Rəfibəylinin 100 illiyi tamam olur.
Nigar Rəfibəyli milli ədəbiyyatı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır. Ana vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil edib.
Sərəncamda qeyd olunur ki, Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO