İdeoloji təbliğatın mühüm əhəmiyyət kəsb etdiyi müasir zamanda Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi birgə layihə çərçivəsində Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verir. Bu məqsədlə Xocalı soyqırımının ildönümü ərəfəsində dünyanın 25 ölkəsində keçiriləcək aksiyalara dəstək məqsədilə xüsusi hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər göndərilib. Bu barədə bazar ertəsi Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.
Azərbaycanın Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Belarus, Çexiya, Fransa, Gürcüstan, İndoneziya, İsveç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qatar, Qazaxıstan, Özbəkistan və Yaponiyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspaniya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə edəcəklər.
Sərgi ekspozisiyalarında Xocalının işğalı zamanı Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində faciə haqqında dərc edilmiş materiallar təqdim olunacaq. Bununla yanaşı, anma mərasimlərində Xocalı soyqırımından bəhs edən filmin nümayişi nəzərdə tutulur.
Heydər Əliyev Mərkəzinin yeni hazırladığı “Xocalı soyqırımı” və Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” bukletlərində XX əsrin sonunda insanlıq əleyhinə törədilmiş soyqırımla yanaşı, Qarabağın tarixi, münaqişənin başlanması, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti barədə ətraflı məlumat əks olunub.
Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunurlar.