Heç kim Azərbaycan qanununu pozmağa cəsarət etməməlidir

“Cənab Prezident İlham Əliyevin bəyanatının təməlində o dayanır ki, heç kim Azərbaycan qanununu pozmağa cəsarət etməməlidir”, Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xəzər” TV-yə müsahibəsində Prezident İlham Əliyevin fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışını şərh edərkən deyib.
“Cənab Prezidentin etdiyi iradlar xüsusən ona yönəlmişdi ki, istər məmur övladları, istər böyük iş adamlarının övladları, istərsə də imkanlı ailələrin övladları olsun, bunların hər biri həm ictimai davranış normalarına əməl etməlidir, həm də qanunlara tabe olmalıdır. Əgər tabesizlik olacaqsa, hər bir hala qarşı ciddi tədbirlər görüləcək”, deyə Əli Həsənov bildirib.
PA rəsmisi deyib ki, dövlət qulluqçularının hər birinin fərdi davranış normaları var.
“Nəyə görə iş adamları hələ də hansısa strukturlardan şikayət etsinlər? Xüsusən yerlərdə iş adamları bu və ya digər sosial layihələrə məcburən cəlb olunsunlar? Bütün bunların hamısı orada tam açıqlığı ilə və tam bəlli prinsiplər əsasında açıqlandı və düşünürəm ki, bundan sonra da bu xətt davam etdiriləcək”, deyə PA-nın şöbə müdiri qeyd edib.
Əli Həsənov bildirib ki, avtoxuliqanlıq edib, pərdə və plyonka taxan sürücülərin hərəkətləri insanlarda qıcıq yaradır.
Konfransda korrupsiyaya qarşı mübarizə ilə bağlı səslənən fikirləri şərh edərkən PA rəsmi bildirib ki, korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri daşımır.
“Cənab Prezident müşavirədə bəyan etdi ki, bu sahədəki fəaliyyət onu qane etmir. Bu sahədə hələ də problemlər var və bu problemlər davam edir. Ona görə də bunun qarşısını almaq üçün yenidən Cənab Prezident mərkəzi və icra hakimiyyəti orqanları qarşısında, müvafiq komissiyalar qarşısında ciddi vəzifələr qoydu”, deyə PA-nın şöbə müdiri deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO