Güləş idmanı Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarının siyahısına salınacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü “Vaşington Post” qəzeti xəbər yayıb.
Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) hazırki prezidenti Nenad Laloviç ötən gün 2015-ci ildə Bakıda keçiriləçək birinci Avropa Oyunları ilə bağlı “anlaşma məktubu” imzalayıb.
“Bu bizim idman növü üçün çox əhəmiyyətlidir. Yarışlar bu idman növünün ən çox maraq doğurduğu ölkələrdən birində keçiriləcək”,- deyə Laloviç qeyd edib.
Bir müddət əvvəl FİLA-nın sabiq prezidenti Rafael Martintti güləşin Avropa Oyunlarının proqramına daxil edilməyəcəyini bildirmişdi.
Martinetti Beynəlxalq Olimpiya Komissiyasının İcraiyyə komitəsinin güləş idmanının 2020-ci il Olimpiya Oyunlarının proqramından çıxarmaq haqqında qərarından sonra ötən ay öz vəzifəsini tərk edib.
Qəzet yazır ki, güləş ənənələrinin güclü olduğu ölkədə keçiriləcək Avropa Oyunlarında iştirak FİLA üçün çox əhəmiyyətlidir. Güləş hazırda digər 7 idman növü ilə 2020-ci il Olimpya Oyunlarında iştirak uğrunda mübarizə aparır.
Qəzet yazır ki, Bakıdakı Oyunlar çərçivəsində güləş yarışlarına kişi və qadın fristaylı və yunan-Roma güləşi daxil ediləcək və 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiyadaya təsnifat seçimi qismində xidmət edəcək.
“Güləş bizim nisbətən əsas milli idman növlərindən biridir və biz əminik ki, Bakıdakı güləş üzrə yarış bu Oyunların əsas diqqətə layiq hadisəsi olacaq. FILA ilə müvafiq sənədin imzalanmasından sonra biz 2015-ci ildə bizim idman proqramımızın müəyyən olunması prosesinin uğurla başa çatdırılmasına bir addım da yaxınlaşdıq”, – Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.