Fəttah Heydərov Ağsaqqallar Şurasının sədri seçilib

Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Ağsaqqallar Şurasının sədr müavini Fəttah Heydərov Azərbaycanda ağsaqqalların cəmiyyətdə tutduğu mühüm yerdən danışıb. Qurultayda 186 nümayəndədən 179-u, o cümlədən dövlət rəsmiləri, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Sonra Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayının iştirakçılarına müraciətini oxuyub.

Qurultayda Şuranın və qurumun Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənilib. Bildirilib ki, Şura üzvləri ölkədə keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirak edib. Şura öz fəaliyyətində böyüməkdə olan nəslin milli-mənəvi ruhda böyüməsi, vətənpərvərlik ruhunun aşılanması istiqamətində səylər göstərir, mütəmadi olaraq cəbhə bölgələrinə səfərlər təşklil edir. Şura Vətən uğrunda həlak olan şəhidlərin xatirəsini əziz tutaraq bir sıra tədbirlər təşkil edib. Ağsaqqallar imkansız, fiziki qüsuru olan şəxslərə yardım göstərir.

Daha sonra tədbirdə çıxış edən AMEA-nın həqiqi üzvü Teymur Bünyadov, Naxçıvan Ağsaqqalar Şurasının sədri Əbülfəz Əskərov, akademik Vasif Məmmədəliyev, Gəncə Ağsaqqalar Şurasının sədri Arif Qurbanov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və digər iştirakçılar Ağsaqqalar Şurasının fəaliyyətinin səmərəliliyi haqda danışıb, ölkədə gedən inkişaf proseslərini yüksək qiymətləndirib və Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətə öz dəstəklərini bildiriblər.

Çıxışçılar, həmçinin Əkrəm Əylislinin “Daş yuxular” kitabını da pisləyib, onun bu əməllərinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zərbə vurduğunu qeyd ediblər.

Quraltayda Şuranın nizamnaməsinə əlavə və dəyişikliklər edilib, qurumun seçkili orqanlarına seçkilər keçirilib. Azərbaycan Milli Məclisinin deputatı Fəttah Heydərov Şuranın sədri seçilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO