Ermənistanın polietnik dövlətə çevrilməsi onun riskli və ikibaşlı geosiyasi oyunlarının qarşısını alacaq

Ermənistan Prezidenti Serj Sarkisyanın Avropa Xalq Partiyasının qurultayında iştirakında Ermənistan-Aİ münasibətləri və Ukrayna hadisələrinə verdiyi qiymət diqqət çəkir. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, bu, Rusiyanın strateji müttəfiqi, Gömrük İttifaqına, Avrasiya İqtisadi Birliyinə daxil olmağa tələsən Ermənistanın mövqeyi deyil: “Eləcə də S.Sarkisyan Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərdə heç nəyin dəyişmədiyini, əvvəlki qaydada davam etdiyini bildirmişdi. Rusiya Ermənistanın taleyini müəyyənləşdirib. BMT-nin Baş Assambleyasındakı səsvermə buna misaldır. Ermənistanın öz taleyinin müəyyənləşməsinə təsir etmək üçün yeganə aləti konfliktogenliyidir. Ermənistan başa düşür ki, onun iqtisadi cəhətdən dirçəlməsi, müstəqil dövlət olması üçün böyük siyasi qarşıdurma lazımdır. Ona görə də iki böyük qüvvənin arasında oyun oynamaqla böyük siyasi partlayış yaratmaq istəyir. Rusiya Qərbi “partlada” bilməz, gücü yoxdur. Ona görə də belə iddiada deyil. SSRİ-ni dağıdan Qərb Rusiyanı da dağıtmaq iddiasındadır. Ona görə də ermənilər özlərinə yenə zərurət olduğunu hiss edirlər”.

M.Əhmədoğlu vurğulayıb ki, S.Sarkisyan yaxın vaxtlarda Qərbin maraqlarına xidmət edən, Rusiya əleyhinə yönəlmiş daha bir addım atdı: “Yerevanda “erməni və çərkəz soyqırımları”nın qarşılıqlı tanınması barədə sənəd imzalandı. S.Sarkisyan və onun ətrafı kəskin anti-Rusiya addımına qətiyyən reaksiya vermədi”.

Politoloq bildirib ki, Ermənistanın müxtəlif dövlətləri, millətləri qarşı-qarşıya qoymaqla, konfrontasiya yaratmaqla məşğul olması tarixdən gələn genetik xüsusiyyətdir: “Bu xalqın dövlət yaratmaq, inkişaf etdirmək marağı olmayıb. Osmanlı İmperiyasına qarşı iri dövlətlərin əlində ən böyük alət olan ermənilər Osmanlı İmperiyası dağıldıqdan sonra öz dövlətlərini qura bilməyən yeganə xalq oldular. Yalnız Çar Rusiyasının tərkibindəki ermənilər “dövlət” əldə etdilər. Ermənistanın bugünkü konfliktogen siyasəti Qafqaz regionunda İranın, Qərbin və Rusiyanın maraqlarını toqquşdurmaqla məşğuldur”.

M.Əhmədoğlu deyib ki, Ermənistanın öz ərazisindən özgə millətləri qovub monoetnik dövlətə çevrilməsi onun konfliktogenlik potensialını, konfrontasiya yaratmaq cəhdlərini xeyli gücləndirir: “Monoetnik Ermənistan ermənilərin genetik xüsusiyyətidir və yalnız özlərinə bəlli olan tarixin məhsuludur. Ermənistanın bütün qonşuları ilə tarixi problemi var. İranla Ermənistanın indiki münasibətləri onlar arasında tarixi problemin olmaması demək deyil. Bu, başqa amillərlə şərtlənir. Ermənistanın bütün qonşuları polietnik və polikonfessional dövlətdir. Hətta monokonfessional İran polietnikdir. Ermənistanın strateji müttəfiq hesab etdiyi RF polietnik və polikonfessionaldır. Ermənistan Prezidenti S.Sarkisyan Ermənistan xalqını Avropa dəyərlərinin daşıyıcısı hesab edir. Avropada 1-2 xırda dövləti çıxmaqla qalan bütün dövlətlər polietnik və polikonfessionaldır”.

Politoloq əlavə edib ki, Ermənistan polietnik və polikonfessional dövlət olmayanadək konfliktogenliyindən, konfrontasiya yaratmağından əl çəkməyəcək: “SSRİ dövründə Ermənistanda yaşamış müxtəlif millətlərin, dinlərin təmsilçilərinin Ermənistanın ərazisinə qaytarılması zəruridir. Bu, Ermənistanın siyasətini proqnozlaşdırılan edəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO