Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov qonaqları salamlayıb və ölkələrimiz arasında münasibətlərin inkişafının region üçün əhəmiyyətindən danışıb. Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan nazir münaqişənin həll olunmamasının regionun təhlükəsizliyinə və sabitliyinə təhdid, eyni zamanda, regionun inkişafına əsas maneə olduğunu söyləyib. Həmçinin, Məmmədyarov münaqişənin həlli üçün Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.
Gürcüstanın müdafiə naziri ölkəmizə səfərindən məmnunluq ifadə edib. Həmçinin, İrakli Alasaniya Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin ilk rəsmi səfərinin məhz Azərbaycana etməsinin ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığının göstəricisi olduğunu bildirib.
Görüşdə tərəflər ərazi bütövlüyü prinsipinə qarşılıqlı dəstəyin göstərilməsi və beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlərinin əlaqələndirilməsinin davam etdirilməsi haqqında razılığa gəliblər.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra regional məsələlər, xüsusilə, region üçün müstəsna əhəmiyyəti olan nəqliyyat və enerji layihələri barədə fikir mübadiləsi aparılmışdır.