ELDAR NAMAZOV ANDRES HERKELƏ CAVAB VERDİ: «…ONDA SEÇKİNİ BOYKOT ETMƏYƏ HEÇ EHTİYAC QALMAZDI»

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirən missiyası sentyabrın 18-də Bakı səfərinin yekunları ilə bağlı mətbuat konfransında bəzi müxalif qurumların prezident seçkisini boykot eləməsinə də münasibət bildirilib. Missiya rəhbəri Andres Herkel deyib ki, boykotçu müxalifət özünü hər hansı beynəlxalq dəstəkdən məhrum edib.
Prezident seçkisini boykot edən siyasi partiya və təşkilatların 5 sentyabr bəyanatını imzalayanlardan «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov «Media forum» saytına deyib ki, beynəlxalq təşkilatlar heç vaxt boykot tərəfdarı olduqlarını və onu dəstəklədiklərini demirlər: «Onların belə açıqlama verməsi diplomatik qaydalara zidd olardı. Boykotu dəstəkləyirlərsə, deməli, faktiki olaraq bu seçkinin qeyri-demokratik keçirilməsi ilə razılaşırlar. Diplomatların dilindən heç vaxt «biz boykotu dəstəkləyirik» sözünü eşitmək mümkün deyil, ona görə Herkelin dünənki sözlərinə təbii yanaşmaq lazımdır».
Seçkini boykot edən müxalifətin hüquqlarının qorunmasına gəldikdə, E.Namazovun sözlərinə görə, indiyədək bütün seçkilərdə iştirak etsələr də, beynəlxalq təşkilatlar heç vaxt heç bir hüquqlarını qorumayıblar: «Bizim sərbəst toplaşmaq hüququmuz pozulurdu, onu müdafiə və bərpa edə bildilərmi? Jurnalistlər həbsdədir, onların azadlığına nail ola bildilərmi? Müxalifət partiyalarının ofisləri əllərindən alınıb, buna son qoydularmı? Seçki saxtakarlıqları hər zaman pozulur, qarşısı alınıbmı? 2005-ci il parlament seçkisindən sonra məndə qalib gəldiyimi təsdiqləyən 25 məntəqənin möhürlü protokolları vardı. Beynəlxalq təşkilatlar indiyə kimi bu məsələnin həlli ilə bağlı heç nə edə bilmirlər. Gəlin səmimi danışaq: əgər beynəlxalq təşkilatlar Azərbaycanda pozulmuş siyasi hüquqların bərpa olunmasında bir nailliyyət əldə edə bilsəydilər, onda yəqin seçkini boykot etməyə heç ehtiyac qalmazdı».
AŞPA missiyası seçkidə iştirak etməyən partiyalar da daxil olmaqla bütün siyasi qüvvələri öz aralarında dialoqa dəvət edib. «Boykotçu müxalifət dialoqu indiki şəraitdə nə qədər mümkün hesab edir» sualına E Namazov belə cavab verib: «Müxalifət həmişə dialoqun tərəfdarı olub və dəfələrlə sübut edib ki, buna hazırdır. Ancaq məlumdur ki, Azərbaycan hakimiyyəti müxalifətə az qala xalq düşməni kimi baxır və müxalifətlə heç bir dialoqa ehtiyac görmür. Azərbaycanda bu günədək dialoqun baş tutmamasında əsas günahın kimin boynuna düşdüyü hamıya bəllidir. Ona görə mən həm bu çağırışlara normal yanaşıram. Sadəcə, çağırışların ünvanını düzgün göstərmək lazımdır».

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO