“El ” hərəkat yox, siyasi partiyadır


Azərbaycanda prezident seçkilərinin keçirilməsinə yeddi ay qalır. Azərbaycan regionda iqtisadi və siyasi baxımdan ən sabit ölkə olmasına baxmayaraq, artıq daxili və xarici siyasi risklər mərhələsinə daxil olur. Bir tərəfdən, bu, prezident seçkiləri ilə əlaqədar ənənəvi olaraq daxili proseslərin aktivləşdirilməsi ilə bağlıdır.

Məlumdur ki, Prezident İlham Əliyevin namizədliyinə alternativ ola biləcək mövcud müxalifətin birləşmiş koalisiyası yoxdur, buna baxmayaraq, oktyabr ayı yaxınlaşdıqca ölkədə inzibati və maliyyə resursları olan bir sıra müxalif qrupların aktivliyi artacaq. Bu proseslərdə Rusiya, ABŞ, Avropa və İran kimi xarici oyunçular da mühüm rol oynaya bilər.
Formal olaraq Azərbaycan dövlətinin daxili siyasətinə qarışmasalar da, regionda birbaşa maraqları olan bu ölkələrin hər biri Azərbaycana öz təsir mexanizmlərini işə salmaqla seçkiqabağı proseslərdə öz xeyirlərinə daxili və xarici siyasətə təsir edə biləcək səviyyədə “imkan pəncərə”sindən istifadə etməyə çalışacaqlar.
Belə bir vaxtda “El” hərəkatının təqdimat mərasimi keçirilib. Mərasimdə “El” hərəkatının yaydığı bəyanatda bildirilir ki, qurum eləcə də seçkilərdə özünün irəli sürdüyü və yaxud demokratik düşərgənin konsensus əsasında məqbul saydığı namizədin qalib gəlməsi üçün Azərbaycanın bütün ictimai-siyasi qurumları və siyasi qüvvələrlə dialoq əməkdaşlığına hazırdır.
“El” hərəkatının təşəbbüs qrupunun yaydığı bəyanatda isə qeyd olunur ki, qurum guya milyonlarla insanın mövqeyi, arzu və istəyini ifadə edir. Vətəndaşların kütləvi dəstəyinə nail olmaq üçün hər bir qurum fəal demokratik siyasət aparan vətəndaşların etibarını qazanmaq üçün işləməlidir. Niyə bu gün açıq-aşkar təsirə malik olan demokratik və liberal siyasi təşkilat yoxdur? Çünki bütün bu partiyalar və hərəkatlar “gözdən pərdə asmaq” siyasəti yürüdürlər, gah ayrılırlar, gah da yenidən birləşirlər, məqsəd isə öz eqoist məqsədlərinə nail olmaqdır. Bununla da yaratdıqları boşluğa baxmayaraq, danışıqlar masası arxasında oturmağa cəhd etmirlər.

“El” hərəkatının yaradılması guya müxalifəti bir araya gətirməkdir, siyasi ekspertlərin rəyinə görə isə, əksinə, bu hərəkatın yaranması müxalifətin inam qazanması deyil, olan inamı belə itirməsi, ictimai rəyin mənfiyə doğru istiqamətlənməsi, yeni narazılıqların meydana gəlməsi deməkdir. Belə olduğu halda yeni təşkilatın yaradılmasına ehtiyac nədəndir?
Deməli, yuxarıda qeyd edildiyi kimi, müxalifətin bir araya gəlməməsinin əsas səbəbi şəxsi və eqoist ambisiyalardır. Yəni artıq fikir ayrılıqları yaradan bir tərəf də meydana çıxdı.
Bu baxımdan “El” hərəkatının cəmiyyət tərəfindən qəbul olunması sual altındadir. Çünki qurumda toplaşanlar eyni adamlar, eyni simalardır, yeni bir nəfəs, yeni bir ideya verə biləcək qüvvə görünmür, yəni belə bir təşkilatın yaradılması gündəmdə qalmağın bir formasıdır.
Bunun təsdiqi kimi R.İbrahimbəyovun hərəkat haqqında verdiyi açıqlamanı göstərmək olar. Onun sözlərinə görə, məqsəd Azərbaycanda demokratik dəyişikliklər istəyən bütün təbəqələri eyni çətir altında birləşdirmək, bununla da Azərbaycanda hər seçki dönəmində ciddi ehtiyac duyulan demokratik qüvvələrin vahid koordinasiya sistemini qurmaqdır. Məgər bunun üçün əlavə bir təşkilata lüzum duyulur? Kim mane olur bu sistemin qurulmağına? İndiyə qədər vahid namizəd məsələsində bir dəfə də razılığa gələ bilməyən müxalif düşərgədən niyə danışılmır?
Maraqlı məqamlardan biri də qurumda Ziyalılar Forumu üzvlərinin tam heyətdə təmsil olunmamasıdır. Məsələn, professor Rafiq Əliyev “El” haqqında suala “mən və dostlarım orada yoxuq” cavabını verdi. Səbəb isə “El” hərəkatının faktiki olaraq siyasi partiya kimi qarşısına konkret hədəflər qoymasıdır. Deməli, yeni bir şey baş verməyib, sadəcə olaraq müxalif bir partiya yaradılıb. Ən maraqlısı isə bu partiyanın mövcudluğu üçün maliyyə dəstəyinin hansı mənbə vasitəsilə həyata keçiriləcəyidir.
Seçkilərə isə az vaxt qalır. Hər şey yaxın bir zaman kəsiyində aydınlaşacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO