Ekologiya və təbii sərvətlər naziri cənub bölgəsinin sakinləri ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Lənkəranda cənub bölgəsində yaşayan vətəndaşlarla görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bağırov cənub bölgəsinin əhatə etdiyi Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının vətəndaşları ilə Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində görüşərək onların şikayət və təkliflərini dinləyib. Görüşdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 50-dən artıq vətəndaşın müraciətlərinə baxılıb.
Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı şikayət və təkliflər dinlənilib, vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb.
Eyni zamanda, bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər edilib, onlara da müvafiq kömək göstərilməsi mümkün olacağı təqdirdə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Qeyd edək ki, belə xarakterli görüşlərin ölkənin digər regionlarında da təşkilinin davam etdirilməsi nəzərdə tutulur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO