DQ-nın Avropa Ombudsmanlar İnstitutuna üzv olması ilə bağlı yayılan məlumat təsdiqini tapmır – Azərbaycan ombudsmanı

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağın qondarma Ombudsman Aparatının Avropa Ombudsmanlar İnstitutuna üzv olması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumat təsdiqini tapmır. Trend News-un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan ombudsmanı Elmira Süleymanova deyib. “Biz bununla bağlı institutun İdarə Heyətinin üzvlərinə yazılı müraciət etmişik. Hələ bir ombudsman deməyib ki, üzvlük məsələsi ilə bağlı səs veriblər”, – Süleymanova deyib.

Süleymanova əlavə edib ki, bu istiqamətdə araşdırmalar davam etdiriləcək. “Avropa Ombudsmanlar İnstitutunun internet saytında da Dağlıq Qarabağ Ombudsmanının üzv qəbulu ilə bağlı xəbər yerləşdirilməyib. Fevralın 4-də qurumun İdarə Heyətinin toplantısı olacaq. Biz bununla bağlı materiallar təqdim edəcəyik. Göstərəcəyik ki, Dağlıq Qarabağ müstəqil dövlət deyil və qeyri-legitim ombudsmanı olduğu üçün quruma üzv qəbul edilə bilməz”, – deyə Ombudsman əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO