Ağdaş rayonunun Ləki qəsəbəsindəki “Ləki” restoranında pnevmatik tapançadan atəş açaraq E.Qasımova xəsarət yetirmiş Ş.Həsənov və onunla birgə olan digər iki şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 12-də Ağdaş rayonunun Ləki qəsəbəsindəki “Ləki” restoranında Qolqəti kənd sakini Şakir Səmədov, Ucar rayon sakini Mehman Məmmədov, Göyçay rayon sakinləri Etibar Qasımov, İlqar Əliyev və Rusiya Federasiyası vətəndaşı Şöhrət Həsənov arasında münaqişə baş verib. Bu zaman Ş.Həsənov pnevmatik tapançadan atəş açaraq E.Qasımova, E.Qasımov isə şüşə parçası ilə Ş.Həsənova xəsarət yetirib.
Sonradan Ş.Həsənov və Ş.Səmədov köməyə çağırdıqları Ağdaş rayon sakini Pərviz Ağayevə məxsus “HERTON” markalı avtomaşında hadisə yerindən gediblər.
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşın Ləki qəsəbəsi ərazisində saxlanılıb, Ş.Həsənov, Ş.Səmədov və P.Ağayev tutulublar.
Avtomaşına baxış zamanı 1 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.