Deputat Elxan Süleymanov AŞPA-da Azərbaycandan danışdı

12 dekabr 2012-ci ildə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında “Azərbaycan tərəfindən öhdəlik və vəzifələrin icrası”na dair məruzə müzakirə edildi, ona düzəliş edildi və qəbul olundu. Bu ikiillik məruzə çox böyük əhəmiyyət kəsb edir, belə ki, bu, bütün gənc demokratiyalara – Avropa Şurasına üzv dövlətlərə təqdim edilən və ölkənin demokratiya və insan hüquqları sahəsində əldə etdiyi irəliləyişləri qiymətləndirən əsas AŞPA sənədidir. Rəsmi dərc edilən bu sənədə bütün aidiyyəti beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən istinad edilir.

Təxminən 40 səhifədən ibarət məruzəyə müzakirə və düzəliş edilmiş beş səhifəlik qətnamə layihəsi daxildir.

Deputat Elxan Süleymanov Komitədə giriş çıxışında bir faktı Komitə üzvlərinin diqqətinə çatdırmaq istədiyini vurğuladı ki, “beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında bəzi qüvvələr davamlı olaraq qeyri-obyektiv, düşünülmüş və qərəzli şəkildə Azərbaycana antidemokratik, insan hüquqlarını və söz azadlıqlarını kobud şəkildə pozan bir ölkə imici formalaşdırmağa çalışır. Azərbaycan ictimai fikri hesab edir ki, Avropa Şurasında və beynəlxalq qurumlarda davamlı olaraq Azərbaycana qarşı belə kampaniyaların təşkil edilməsində başlıca məqsəd işğalçı Ermənistan tərəfindən 1 milyondan artıq Azərbaycan vətəndaşının hüquqlarının kütləvi və kobud şəkildə pozulmasının, onların 20 ilə yaxındır qaçqın və məcburi köçkün həyatı yaşamasının, öz vətənlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməməsinin yaddan çıxarılmasına, beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasına nail olmaqdan ibarətdir.” Süleymanov həmçinin Azərbaycanın imicini istənilən xarakterli bütün tənqidləri nəzərdə tutaraq, rəqibinin bütün hücumlarını və zərbələrini dəf etməli olan boksçu mövqeyində olduğunu və həmişə müdafiə mövqeyində olmağa məcbur edildiyini bildirdi.

Qətnamə layihəsinin 3-cü bəndində deyilir ki, “…Assambleya Azərbaycanın xarici siyasət gündəliyində üstünlük təşkil edən Ermənistan ilə hal-hazırda davam edən Dağlıq Qarabağ münaqişəsindən tam xəbərdardır”, lakin ilkin mətndə nüfuzlu beynəlxalq təşkilatların hamısı tərəfindən qəbul edilmiş və Ermənistanı açıq-aydın pislədikləri daha əvvəlki bir çox qətnamələrin mövcudluğu qeyd edilmir. Bundan əlavə, iyirmi ildən bəri bu qətnamələrin heç vaxt icra edilmədiyi faktı da vurğulanmalıdır.

Bu səbəbdən Elxan Süleymanov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aşağıdakı ifadəni əlavə etməyi təklif edərək, qətnamə layihəsinə düzəliş irəli sürdü: “Assambleya təəssüflənir ki, bu danışıqlar indiyə qədər heç bir nəzərəçarpan nəticə əldə etməyib, hərbi işğalı pisləyən BMT, AŞPA, Avropa Parlamenti və ATƏT-in müvafiq qətnamələri indiyədək icra edilməyib və iyirmi ildən bəri bir milyona yaxın Azərbaycanlının hüquqları pozulmaqdadır.”

Bu təklif müntəzəm olaraq Azərbaycana qarşı qərəzli mənfi münasibət göstərən bir neçə deputatın çox sərt reaksiyasına səbəb oldu. Onlardan bəzisi Komitəni Dağlıq Qarabağ məsələsinin ümumiyyətlə bu məruzədə yeri olmadığına inandırmağa cəhd etdi, halbuki Elxan Süleymanovun təklifi, əksinə, məhz davam edən bu münaqişənin əhəmiyyətini və Azərbaycan cəmiyyətinin bütün sferalarına mənfi təsirini, xüsusilə bir milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını vurğulamaq məqsədi daşıyırdı. Monitorinq Komitəsinin sədri cənab Herkelin, eləcə də hər iki həmməruzəçi – İspaniyadan olan cənab Aqramunt və Maltadan olan cənab Debono Qrekin çıxışı bir fikri açıq-aydın təsdiqləyirdi ki, əlbəttə, Azərbaycana dair belə mühüm məruzə ölkə üçün həddindən artıq vacib olan bu məsələyə ciddi baxılmadan mövcud ola bilməz. Bununla belə, ermənilər də hər vəchlə Komitə üzvlərini Süleymanovun təklifini qəbul etməməyə inandırmağa çalışırdı. Bu aydın məsələyə dair müzakirə təxminən iki saat çəkdi, ancaq ermənilərin bütün arqumentləri düzəlişin müəllifi Elxan Süleymanov tərəfindən dərhal təkzib edildi. Ermənilərin əks düzəlişləri dəstəklənmədi.

Elxan Süleymanov müzakirə imkanından istifadə edərək, Komitə üzvlərinə bildirdi ki, Azərbaycan hakimiyyəti enerji təhlükəsizliyi və ya hətta qlobal təhlükəsizlik məsələlərində Avropanın çox sadiq və etibarlı tərəfdaşı olduğunu gündəlik olaraq sübut edir. O, öz təəssüfünü ifadə etdi ki, Avropa siyasi icması bir milyon azərbaycanlının hüquqlarının bərpası və hərbi qüvvələrin işğal edilmiş ərazilərdən geri çəkilməsi ilə bağlı beynəlxalq qətnamələrin icrası məsələsində susur. “Aydındır ki,” – o bildirdi, – bu gün Azərbaycanla Avropa arasında siyasi hörmət və anlayış birtərəfli hərəkətin olduğu küçəyə bənzəyir və təəssüf ki, qarşılıqlı dəstək səviyyələri arasında tarazlıq yoxdur.”

Bunu nəzərə alaraq və Azərbaycan qaçqınlarının dəqiq sayı barədə semantik müzakirə təklifi bütünlüklə təhlükəyə atdığına görə, düzəlişin son hissəsini silməklə bağlı razılığa gəlindi. Nəhayət, səsvermə keçirildi: Elxan Süleymanovun təklifi böyük çoxluq tərəfindən dəstəkləndi. Hətta hər iki erməni deputat Avropa Şurasının vacib Monitorinq Komitəsi qarşısında bu açıq erməni etirafından açıq-aydın çox razı qalan, hətta buna görə minnətdar olan Süleymanovun təklifini dəstəklədi. Ermənilər düzəlişin lehinə səs verməklə, həqiqətən hələ də Azərbaycan ərazisinin bu hissəsini hərbi işğalda saxladıqlarını açıq şəkildə etiraf etdilər və eyni zamanda, bu mənada Avropa Şurasına münasibətdə təəssüf doğuran hörmətsizliklərini qəbul etmiş oldular.

Bu mətnin qəbul edilməsi Azərbaycan ərazisinin hərbi işğalının Avropa Şurası tərəfindən bir daha təsdiqləndiyi anlamına gəlir. Bu, şübhəsiz, münaqişə və onun bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə mənfi təsiri barədə beynəlxalq məlumatlılığın artmasına töhfə verə bilər və verəcək.

Azərbaycanın mövqeyinin bu aydın qələbəsi AŞPA siyasi mühitində kifayət qədər nadir haldır. Onu da bilmək lazımdır ki, təxminən on il əvvəl Azərbaycan Avropa Şurasına qəbul olunandan etibarən hər iki tərəfdaş arasındakı əlaqə Qərbi Avropa siyasətçilərinin bir çoxunun konstruktiv dialoq yolu ilə daha yaxşı anlayışa səy göstərməkdənsə, ittihamçı kimi davranmasının davam etməsi ilə xarakterizə olunur. Avropanın bu münasibəti əvvəllər keçmiş Sovet İttifaqının tərkibində olmuş əksər gənc demokratiyalara qarşı kifayət qədər ümumi haldır.

Elxan Süleymanov bu yaxında Azərbaycana qarşı bu “ittihamçı” rəftarı göstərən faktları bəyan edərək, Parlament Assambleyasının üzvlərinə açıq məktubla müraciət etdiyindən, Komitə iclasında yenidən Liberallar Qrupunun lideri Lüksemburqlu xanım Brassör və digər iki deputatın kəskin etirazlarına məruz qaldı. Onlar çox kəskin formada bu açıq məktubla bağlı narahatlıqlarını ifadə etdilər və hətta Elxan Süleymanovun onu açıq şəkildə geri götürməli olduğunu təkid etdilər.

Komitə sədri cənab Herkel xanım Brassörə öz narazılığını bildirdi, çünki xanım Brassör komitə iclası çərçivəsində və gündəliyində bu müzakirəni şəxsi məktubla açdı. Buna baxmayaraq, Elxan Süleymanov ədalətsiz iddialara cavab verməkdə təkid edirdi: “Bəlkə də bu anda bu məsələyə müdaxilə etməməliyəm”, – deyə Elxan Süleymanov Komitə üzvlərinə bildirdi, – “ancaq bu, şəxsi faktdır və əlbəttə, mən daha çox müsahibəm və 3 oktyabr tarixli açıq məktubumla bağlı etirazların və müzakirələrin davam etməsinə görə narahatam. Lakin mənim deputat kimi söz azadlığıma senzura qoymaq barədə müraciətiniz tamamilə qəbuledilməzdir. Sizin tərəfinizdən belə bir müraciət ifadə azadlığı kimi əsas insan hüquqlarına hətta mənim ölkəmdə Avropada olduğundan daha yaxşı zəmanət verildiyini bir daha sübut edir. Ölkəm on ildən bəri dəlillər olmadan və çox zaman əsassız qərəzli tənqidlə üzləşməli olmuşdur. Biz özümüzü elə hiss edirik ki, sanki əl-qolumuz bağlı və xilas olmaq imkanımız olmadan tənqid dənizində batırılırıq. Lakin Azərbaycan kimi kiçik gənc demokratiyadan olan deputat hər hansı əsaslı tənqid irəli sürürsə, bu siyasi addım qəflətən və üç aydan bəri Büronun son gündəliyi daxil olmaqla, Assambleyanın bütün gündəliklərində əsas mövzuya çevrilir. Xahiş edirəm bunu mənim üçün aydınlaşdırın, çünki mən belə münasibəti başa düşmürəm. İcazənizlə aydın deyim: bu gün mən burada iştirak edən həmkarlarımın hamısını bütün vəziyyətlərdə ifadə azadlığına hörmət etməyə çağırıram.”

Elxan Süleymanovun bu aydın arqumentləri öz hədəfinə çatdı və mövzu ilə bağlı müzakirənin bağlanması ilə nəticələndi. Bir çox Komitə üzvləri Liberallar Qrupunun liderlərinin təklif etdiyi senzuranın Avropa Şurasının fundamental prinsiplərinə açıq-aydın zidd olduğunu, həqiqətən də, düzgün dərk edirdilər.

Həmin iclas zamanı olduqca həssas məsələ olan Gürcüstanda iddia edilən siyasi məhbus məsələsinə dair maraqlı müzakirə oldu. Latviyalı cənab Kileviks bu münasibətlə əsas institusion və təşkilati prinsiplərə müvafiq olaraq qüvvələrin bölünməsini müdafiə etdi. Onun çıxışı Elxan Süleymanovun bu məsələyə dair birbaşa cavab verməsinə səbəb oldu:

“Mən indi öz ölkəmi və ya hakimiyyət qurumlarını müdafiə etmək üçün danışmayacağam. Mən Avropa Şurasının prestijini müdafiə etmək məqsədilə çıxış edəcəyəm. Bütün elmlər məntiq prinsipi ilə idarə olunur. Lakin bu gün biz çox məntiqsiz bir vəziyyət ilə üz-üzəyik. Burada bildirildi ki, milli parlament ədliyyə işlərinə müdaxilə etməməlidir. İcazə verin bu fikri səsləndirən insanları belə ədalətli və əsaslı təhlilə görə təbrik edim, onları qarşılarında baş əyərək alqışlayım. Bəs əgər milli parlament ədliyyə məsələlərinə müdaxilə etməməlidirsə, siz burada bunu necə izah edə bilərsiniz ki, Avropa Şurası Parlament Assambleyasında bəziləri bizdən məhz bunu etməyimizi istəyir! Bu, şübhəsiz ki, açıq-aydın paradoksdur! Əziz həmkarlarım, bir siyasətçi kimi biz, həqiqətən də, siyasi məhbus məsələsinə müdaxilə etməməliyik, belə işləri qiymətləndirmək bizim mandatımıza daxil deyil, bu məhkəmənin səlahiyyətindədir. Məhz bu, oktyabrda keçirilmiş plenar sessiyada məsələ ilə bağlı səsvermənin 89-89 nisbətlə nəticələnməsini izah edir. Assambleyanın yarısı belə qiymətləndirmənin siyasət dünyasının deyil, Avropa İnsan Hüquqları Məhkəməsinin müstəsna səlahiyyətində olması ilə bağlı ortaq fikirdədir. Kimin siyasi məhbus olmasına, kimin olmamasına Məhkəmə və yalnız Məhkəmə qərar verməlidir. Bizim bu ədliyyə işlərinə müdaxiləmiz, həqiqətən də, qanunun aliliyinin əsas prinsiplərinə ziddir. Dünən qonşu ölkəm Gürcüstan insan hüquqları normalarına riayət edən ölkə idi. İndi aşkarlandı ki, həmin ölkədə iki yüzdən artıq şəxs siyasi məhbus hesab edilməlidir. Görünür ki, bu ölkə bu gün çox sayda siyasi məhbusun mövcudluğu və demokratiyanın heç olmaması ilə xarakterizə olunur. Bu necə ola bilər? Aydındır ki, bizim siyasi məhbus məsələsindən alət kimi istifadə edərək hər hansı ölkəyə istənilən vaxt istənilən tənqidlə təzyiq göstərmək və ya bəzilərimizə uyğundur deyə hər hansı iddianı və ya hətta qərarı dəyişmək imkanımız var.”

Bununla bağlı Elxan Süleymanov həmçinin “Nazirlər Komitəsi ilə mütərəqqi əməkdaşlıq üçün mümkün vasitələr”ə dair Memorandumla bağlı müzakirədən sonra Monitorinq Komitəsinin noyabrdakı iclasında 4 səsə qarşı 41 səs çoxluğu ilə qəbul edilmiş qərara yenidən baxılması cəhdi ilə əlaqədar kəskin şərh verdi.

Monitorinq Komitəsinin sədri cənab Herkelin rəhbərliyi ilə Katiblik tərəfindən hazırlanmış bu memorandum gələcəkdə hər dəfə Assambleyada monitorinq məruzələri müzakirə olunarkən, qətnamə layihəsi ilə birgə sistemli tövsiyə layihəsinin təqdim edilməsini təklif etdi, beləliklə, məruzə hazırda olduğundan daha ciddi və rəsmi oldu.

Assambleya Tövsiyəsi bu gün monitorinq prosesindəki əksər ölkələrdə mübahisələr və rəsmi inamsızlıq yaradan, icrası məcburi olan sənəd kimi mənfi qəbul edilir. Bu səbəbdən Sədrin belə ciddi və rəsmi yanaşmanı gücləndirən təklifi, çox güman ki, mövcud mənfi anlayışı və inamsızlığı artırardı.
Bu səbəbdən, bir neçə Komitə üzvü tərəfindən tamamilə fərqli konsepsiya yaradan digər bir təklif irəli sürüldü. Nazirlər Komitəsi ilə gələcək əməkdaşlıq daha rəsmi deyil, əksinə, daha qeyri-rəsmi olmalıdır. Təklifdə deyilir ki, Monitorinq Komitəsinin və eləcə də Parlament Assambleyasının sədrləri təsdiqlənmiş Qətnaməni birgə rəsmi məktubla Nazirlər Komitəsinə göndərir, həmməruzəçilərlə əməkdaşlıq şəraitində onun icrasını “izləməyi” xahiş edirlər. Belə bir qeyri-rəsmi və qeyri-icbari “Əməkdaşlıq Məktubu” yaxşı niyyətlər prinsipindən çıxş edir və müsbət təsirlər yaratmaq məqsədi daşıyır. Sonda səsvermənin nəticəsi çox aydın oldu: böyük əksəriyyət qeyri-rəsmi “Əməkdaşlıq Məktubu”nun lehinə səs verdi, yalnız 4 nəfər Sədrin Memorandumunu dəstəklədi.

Noyabrda verilmiş bu açıq-aşkar təsdiqə baxmayaraq, məsələ Monitorinq Komitəsinin dekabr gündəliyinə yenidən daxil edildi. Şübhəsiz, ona görə ki, bəzi nüfuzlu deputatlar səsvermənin demokratik nəticəsindən çox narazı qaldılar. Elxan Süleymanov bu siyasi hərəkəti olduqca riyakar adlandırdı: “Biz elementar demokratiyanı öz üzərimizdə tətbiq edə bilmiriksə, onun mütləq prinsiplərini başqaları üzərinə necə qoya bilərik?”

Elxan Süleymanovun fikrincə nəticə aydın idi: çox təəssüf ki, bəzi Avropa siyasətçiləri gənc demokratiyaların cəmiyyətində bütün sahələrdə mövcud olan hər növ problemi çox asanlıqla diqqətə çatdırır, lakin öz təşkilatları daxilində və hətta öz ölkələrindəki oxşar çatışmazlıqlara göz yumurlar.

Bununla əlaqədar nəzəriyyəni nümunə ilə bir daha aydın təsdiqləmək üçün Elxan Süleymanov qətnamə layihəsinə ikinci düzəlişi irəli sürdü. Bu təklif sərbəst toplaşma azadlığı məsələsi ilə bağlı idi. İlkin qətnamədə “Bakı şəhərinin mərkəzində etirazlara tam qadağaya son qoymaq” tələb edilmişdi. Elxan Süleymanov Komitə üzvlərinə Brüssel, London, Paris, Madrid, Afina və digər şəhərlərin mərkəzində də etirazlara tam qadağa qoyulduğunu xatırlatdı: “Avropanın paytaxtı Brüsseldə milli parlamentin qonşuluğunda, mərkəzi meydan və ya əsas prospektlərdə heç bir nümayişə icazə verilmir. Xahiş edirəm yunan, ingilis və ispan polislərinin bu yaxında Afina, London və Madriddə belə adlandırılan icazəsiz nümayişlər zamanı etirazçıları qəddarcasına döydüyünü göstərən televiziya şəkillərini də yadınıza salın! Avropanın bütün aparıcı paytaxtlarının mərkəzində hər hansı nümayişin keçirilməsinə qadağa qoyulmuş böyük ərazilər mövcuddur. Bakı şəhər administrasiyası yalnız eyni prosedurları icra etməyə cəhd göstərir və həll yolu Avropanın digər paytaxtları ilə eynidir.”

Bütün Komitə üzvləri bu kəskin təhlildən sonra tamamilə susdular. Bir deputat belə Qərbi Avropa demokratiyalarında qeyri-qanuni adlandırılan nümayişlərlə bağlı kədərli həqiqətlərə aşkarcasına məhəl qoymayaraq Xəzər Dənizinin sahilində yerləşən kiçik bir ölkəyə ikili standartların necə tətbiq edildiyini göstərən bu aydın nümunəyə heç bir arqument gətirə bilmədi.

Belə ki, AŞPA-nın həmin qətnaməsində aydın ikili standarta düzəliş etmək üçün Elxan Süleymanov məruzəçilərə və komitə üzvlərinə mətni silməyi və onu bu şəkildə yenidən yazmağı təklif etdi: “Bakı şəhəri mərkəzinin bəzi hissələrində etiraz aksiyalarının keçirilməsinə icazə vermək məqsədilə təhlükəsizlik tələblərinə cavab verən, təşkilatçılar və hakimiyyət üçün qəbuledilən kompromis həll yolu tapmaq.”Bu düzəliş də böyük səs çoxluğu ilə qəbul edildi.

Nəticədə, Komitə səviyyəsində yekun səsvermə düzəliş edilmiş qətnaməni böyük səs çoxluğu ilə təsdiqləndi. Ermənistan nümayəndə heyətinin məyus olduğu açıq-aydın görünürdü, çünki ancaq onlar əleyhinə səs verdilər. Üç deputat müxtəlif səbəblərə görə səs vermədi. Lakin Komitədə məruzəyə qeyri-adi böyük dəstək mətnlərin 2013-cü il yanvar ayında Strasburqda parlament assambleyasında keçiriləcək son səsvermədə də təsdiqlənəcəyi ilə bağlı ümidlər doğurur.

Aydındır ki, bu gün güclü təhlillər və ədalətli arqumentlər səsləndirilən və çox müsbət səsvermə ilə nəticələnən bu müzakirə Azərbaycanın siyasi rəqibləri tərəfindən nümayiş etdirilən ümumi kor-koranə tənqidlərə qarşı 10 ildir müdafiəsiz mövqeyində dönüş nöqtəsi oldu.

Publika.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO