“Danışıqlarda hər hansı irəliləyiş olan kimi, ermənilər təxribat törədir”

“Ermənistan hərbi helikopterlərinin Azərbaycanın hava sərhədlərini kobud şəkildə pozması danışıqlar prosesinə zərbə vurmaq üçün Ermənistanın törətdiyi avqust təxribatlarının davamıdır”. Bu barədə Trend-ə Milli Məclisin işğal olunmuş Ağdam rayonundan olan deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün danışıqlarda konstruktiv mövqe tutur və ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərinə də konstruktiv münasibət bəsləyir: “Amma Ermənistan heç bir konstruktiv mövqe tutmur, həmsədrlər də onlara heç bir təsir göstərmir. Danışıqlar getdiyi bir vaxtda – danışıqlar istər Mosvkada, istər Parisdə, istərsə də ABŞ-da olsun – hər hansı bir irəliləyiş hiss olunan kimi ermənilər təxribat törədirlər. Sual olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistana məxsus hərbi helikopterlər necə gətirilib və orada necə istifadə oluna bilər?”

Millət vəkili vurğulayıb ki, Minsk qrupunun həmsədrləri isə bu məsələyə münasibət bildirmək əvəzinə, tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırır: “Əgər Ermənistan öz helikopterlərini Azərbaycanın işğal olunmuş ərazilərinə göndərirsə və üstəlik, təmas xəttində Azərbaycan mövqelərinə hücum edirsə, Azərbaycan tərəfi nə etməlidir? Təbii ki, Azərbaycan tərəfi də beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir”.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədri olan ölkələr və həmsədrlər Ermənistanın törətdiyi bu son təxribata görə ciddi tədbirlər görməlidirlər: “Azərbaycan təcavüzün qurbanıdır və təcavüzkara qarşı hər hansı ciddi tədbir görülməsə, Ermənistan yaxın vaxtlarda bundan da dəhşətli təxribatlar törədəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO