“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır “

Azərbaycanın xarici işlər naziri bildirib ki, regionda davamlı və uzunmüddətli sülhün bərqərar olması üçün Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. “Regionda davamlı və uzunmüddətli sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həll olunması vacibdir”, – Trend News-un məlumatına görə, bu barədə ABŞ-ın enerji nazirinin müavini Daniel Ponemanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Bu barədə bazar ertəsi Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Nazir Məmmədyarov həmçinin iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib, Azərbaycanın mühüm coğrafi məkanda yerləşdiyini qeyd edərək ölkəmizin enerjidaşıyıcıların ixracatçısı olması ilə yanaşı, onların dünya bazarlarına çatdırılmasındakı tranzit imkanlarını da vurğulayıb.

Azərbaycanla ABŞ arasında geniş əlaqələrin olduğunu qeyd edən Poneman ABŞ-ın Azərbaycanla enerji sahəsində uzunmüddətli uğurlu əməkdaşlığını məmnuniyyətlə qeyd edib. Həmçinin, qonaq qlobal enerji təhlükəsizliyinin təmin olunması məsələsinin ABŞ-ın xarici siyasətinin prioritetlərindən biri olması və ölkəsinin enerjidaşıyıcıların dünya bazarlarına çatdırılmasında çoxşaxəliliyi dəstəklədiyini qeyd edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO