Böyük Britaniyanın ali məktəblərində oxuyan tələbələr və məzunlar tərəfindən könüllü olaraq ərsəyə gətirilən azərbaycanca aylıq ictimai-mədəni gənclik qəzeti “Birliy”in ilk nömrəsi fevralın 14-də çap edilib.
Baş redaktor Səməd Səfərovun bildirdiyinə görə, 500 tirajla dərc edilmiş qəzetin bütün nömrələri bir həftə ərzində London Siti, Vestminister, Mançester, Nyukasl, Aberdin və digər universitetlər də daxil olmaqla, Böyük Britaniyanın müxtəlif bölgələrindəki 25 ali məktəbə paylanıb.
“Birlik” qəzetinin ilk nömrəsinin səhifələrində “Xarici pasportu itirdikdə nə etməli?”, “Britaniya xalqlarının mənşəyi”, “Britaniyada sürücülük vəsiqəsi”, “Ah, bu çətin qürbət həyatı”, “Tələbənin mətbəx gündəliyi” və s. adlarda məqalələr dərc edilib. Uels Universitetinin məzunu Soltan Bayramov “Xaricdə təhsil və gələcək karyera qayğıları” məqaləsində təhsildən sonra tələbələrin qısamüddətli Britaniyada qalıb işləmək və ya birbaşa Azərbaycana qayıtmaq seçimlərini müzakirə edib. Mançester Universitetinin tələbəsi Ziya Qafarlı “Novruz bayramı tədbirinin təşkili üzrə məsləhətlər” məqaləsində isə gələn ay bayram münasibətilə mədəniyyət tədbiri təşkil etməyi arzulayan tələbələr üçün dəyərli məlumatları bölüşüb. London Siti Universitetinin məzunu Aynur İsparova isə “Tələbəlik həyatımdan bir tarixçə” məqaləsində tələbə ikən təhsil aldığı universitetdə öz rəhbərliyi ilə Azərbaycan Tələbə Cəmiyyətinin əsasının qoyulması tarixçəsini təsvir edib.
Xatırladaq ki, qeyri-kommersiya məqsədli layihənin əsas hədəfi Böyük Britaniyadakı azərbaycanlı gənclər arasında əlaqələndirməni inkişaf etdirmək, tələbələrin həyatını işıqlandırmaq, Azərbaycanın mədəniyyətinin təbliğatı uğrunda əməkdaşlığı genişləndirmək, təcrübələrin bölüşdürülməsini təmin etmək, istedadlı gəncləri üzə çıxarmaq və yazmağı sevən gənclər üçün yaradıcı meydan qurmaqdır.
Qəzetin növbəti sayı mart ayının sonuna nəzərdə tutulub. Layihə barədə əlavə məlumat üçün: www.birlik.co.uk