Bu gün Azərbaycanda Konstitusiya Günüdür

13 il öncə Azərbaycanda 1920-ci ildən sonra qurulmuş hüquqi-siyasi sistem rəsmi olaraq öz mövcudluğuna son qoyduBu gün Azərbaycanda Konstitusiya Günüdür Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 13 il keçir. 1995-ci ilin bu günü qəbul edilmiş Konstitusiya Azərbaycanı demokratik prezident respublikası elan etdi. Dünyadakı qlobal kataklizmlərin məntiqi sonu olaraq SSRİ dağıldı, müttəfiq respublikalar kimi Azərbaycanda da 1991-ci ildə konstitusiya aktı qəbul etdi. Bu sənəd 4 il azərbaycanın əsas qanunu oldu. Müstəqilliyin ilk illərində qiyam və çevriliş cəhdləri ilə üz-üzə qalan azərbaycan üçün yeni Konstitusiyanın qəbulu çoxdan gözlənilən sabitliyin bərqərar olması idi. Sovet dövründən qalan qanunvericilik iddiaları 1991-ci il oktyabrın 19-də qəbul olunan və keçid dövr səciyyəsi daşıyan Konstitusiya aktı, sonra qəbul olunan Konstitusiya qanunları, onlara edilmiş düzəliş və dəyişikliklərlə Azərbaycan dövləti 4 ilə yaxın hüquqi qeyri-müəyyənlik şəraitində yaşamalı oldu. 1995-ci il iyunun 5-də Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyasının ilk iclasından başqa 12 noyabr referendumunadək ölkənin əsas qanunun hazırlanmasına, prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən Heydər Əliyev özü rəhbərlik etmişdi. Beləliklə, 13 il öncə 1995-ci ilin bugünkü tarixində Konstitusiya ümumxalq səsverməsi ilə qəbul olundu və həmin ilin noyabrın 27-də təsdiq olundu. Bununla da Azərbaycanda 1920-ci ildən sonra qurulmuş hüquqi-siyasi sistem, rəsmi olaraq öz mövcudluğuna son qoydu. 12 fəsil, 158 maddədən ibarət olan Konstitusiyanın mühüm özəlliyi Azərbaycanda əvvəllər heç bir hüquqi sənəddə belə geniş şəkildə yer almayan vətəndaş hüquq və azadlıqlarına dair ayrıca fəslin olmasıdır. Ümumilikdə, Konstitusiyanın 158 maddəsindən 60-ı məhz bu sahəni əhatə edir. 1996-1997-ci illərdə Azərbaycan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatları ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında bu qərarı qəbul edən ilk dövlətdir. 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb. 1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş mühüm keçid müddəalarından daha birinə əməl olundu. Ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, beləliklə, yerli özünüidarə institutu fəaliyyətə başladı.

2002-ci ilin avqustun 24-də Konstitusiyanın təkmilləşdirilməsi və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində mühüm addım atıldı. Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə keçirilən referendum Konstitusiyada insan hüquq və azadlıqlarının sırasını genişləndirmək, ölkənin siyasi və hüquq sistemini daha təkmilləşdirmək, məqsədi daşıyırdı. 24 maddə üzrə dəyişikliklər olundu. Bu əlavə və dəyişikliklər, Azərbaycanın həm də Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi demək idi. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bir çox sahələrdə, xüsusən də hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Hakimiyyət bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparılıb, respublikamız insan hüquqları sahəsində bir çox konvensiyalara qoşulub, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradılıb. Beləliklə, Konstitusiyanın qəbulundan ötən 13 il ərzində dövlətçiliyin nəzəri əsaslarının formalaşmasında və hüquqi baxımdan təkmilləşdirilməsində Azərbaycan Respublikasının Konstitusiyası müstəsna rol oynayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO