Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə “Çeşidli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında bu il 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasir Əbdüləziz əl-Naser Azərbaycana səfər edəcək. Mədəniyyət və Turizm Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, Nasir Əbdüləziz əl-Naser 2011-2012-ci ilədək BMT Baş Assambleyasının Prezidenti olub.
Səfər çərçivəsində Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında Əməkdaşlıq memorandumunun imzalanması nəzərdə tutulur.
BMT-nin Sivilizasiyalar Alyansı 2011-ci ildən Azərbaycanın təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı Fərmanı ilə Dünya Forumu hər iki ildə bir dəfə Bakıda keçiriləcəkdir və tədbirin təşkilinə məsul qurum AR Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilib.