Əbülfəs Qarayev: Azərbaycanın regionlarında turistlərə təqdim edilən xidmətlərin səviyyəsi artır.

Azərbaycanın turizm obyektlərində təqdim edilən xidmətlərin qiymətləri ötənilki səviyyədədir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, ötən il turizm xidmətlərinin qiymətləri 2010-cü illə müqayisədə 20 faiz enmişdi.

“Bu il də keçənilki qiymətlər qalıb. Amma o sevindiricidir ki, artıq müxtəlif ulduz alan hotellər xidmət üçün ödənilən vəsaitin müqablində yaxşı xidmətlər təqdim etmək iqtidarındadırlar. Bu, bizi sözsüz ki, sevindirir. Biz orada işləyən kadrların hazırlığını, onların peşə hazırlığını, dil bilmə bacarığını, rayonun mövcud potensialı ilə tanış olub-olmamasını yoxlayırıq. Sözsüz ki, əsas olan servisdir”, – nazir qeyd edib.

Qarayev deyib ki, Azərbaycanın turizm obyektlərində yay turizm mövsümünün əvvəlində başlamış monitorinqlər hazırda da davam edir. İndiyədək aparılmış monitorinqlərlə bağlı daxil olan məlumatlar isə onu göstərir ki, turizmin infrastruktur baxımından inkişafı ümidvericidir.

Nazir hesab edir ki, Azərbaycanın regionlarında turistlərə təqdim edilən xidmətlərin səviyyəsi artır.

“Amma bəzi hallarda turizm xidmətlərinin səviyyəsi bizi qane etmir. Biz həmişə istəyirik ki, daha yaxşı xidmətlər göstərilsin. İldən-ilə sayı artan turizm müəssisələrinin kadrlara da ehtiyacları olur. Ona görə də, şərt qoymuşuq ki, mütləq bütün turizm təşkilatları, müəssisələrində turizm üzrə təhsil alan kadrlar olmalıdır”, – Qarayev əlavə edib.

O deyib ki, iyulun 12-də Azərbaycan Turizm İnstitutunun üçüncü məzun buraxılışı olacaq. Nazirin sözlərinə görə, yeni açılan turizm obyektlərinin kadr hazırlığının təkmilləşdirilməsi ATİ-nin və Bakı Turizm Peşə Məktəbinin üzərinə düşür. Artıq növbəti ildən turizm sənayesinə müxtəlif sahələr və servislər üzrə 500 məzun daxil olacaq.

Qarayev hesab edir ki, yalnız bu yolla turizm sahəsində kadr hazırlığının təkmilləşdirilməsi mümkün olar.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO