Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistanda narahatlıq doğurur

Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair bəyanatları Ermənistan ictimaiyyətində ciddi narahatlıq yaratmaqda davam edir. Əsl həqiqəti etiraf edə bilməyən ermənilər bu dəfə də Beynəlxalq Avropa Hərəkatını ittiham və tənqid edirlər.

Buna səbəb avqustun 12-dən 14-dək Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi Dioqo Pintonun verdiyi açıqlama olmuşdur. D.Pinto yerli kütləvi informasiya vasitələrinə (KİV) verdiyi müsahibələrində Avropa Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirmişdir.

Onun bu bəyanatı Ermənistan ictimaiyyətini ciddi narahat etmişdir. Ermənistan Avropa Hərəkatının prezidenti Viktor Yengibaryan bu məsələ ilə bağlı Beynəlxalq Avropa Hərəkatının idarə heyətinə şikayət etmişdir.

Ermənistan mətbuatı da ənənəsinə sadiq qalaraq yenə də yanlış məlumat yayaraq, D.Pintonun guya Dağlıq Qarabağ münaqişəsinin həllində Qarabağ ermənilərinin özünün müqəddəratını təyinetmə prinsipini önə çəkdiyini bildirmiş, Azərbaycan mediasını yalan məlumat yaymaqda günahlandırmışdır.

Erməni mətbuatının bu çıxışları yalandır və bizdə bunu sübüt etməyə kifayət qədər faktlar vardır. D.Pintonun Bakıya səfərinin nəticələri ilə bağlı avqustun 14-də keçirdiyi mətbuat konfransının, eləcə də Azərbaycan KİV-lərinə verdiyi müsahibələrin videolentləri, səs yazıları vardır. İkincisi də baş katib D.Pinto V.Yengibaryana yazdığı cavab məktubunda da bir daha Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməli olduğunun vacibliyini vurğulamışdır.

V.Yengibaryanın şikayət məktubunda deyilir ki, D.Pintonun bu bəyanatı Ermənistanın ictimaiyyətində ciddi narahatçılıq doğurmuş, hətta Ermənistan Avropa Hərəkatının bəzi üzvləri qurumu tərk etmək niyyətindədir.

Biz başa düşə bilmirik Ermənistana səfər edən Beynəlxalq Avropa Hərəkatının nümayəndələrini tarixdə baş verməmiş qondarma “erməni soyqırımı” abidəsinin qarşısına dəvət etmək, heç bir beynəlxalq qurum tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nın xəritəsini bu günədək öz rəsmi saytlarında saxlayan V.Yengibaryan indi nədən belə narahatdır?! Görünür, narahatlığa artıq əsas var və bu əsas da beynəlxalq qurumların verdikləri obyektiv bəyanatlardır.

Azərbaycan Avropa Hərəkatının baş katibi Rəşad Xasayoğlu bildirmişdir ki, avqustun 18-də Gürcüstan Avropa Hərəkatı bu məsələyə öz münasibətini bildirərək, D.Pintonun Bakıda səsləndirdiyi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatı və baş katibin haqlı mövqeyini dəstəklədiyini vurğulamışdır. Bu günlərdə isə Türkiyə Avropa Hərəkatının da bu məsələyə münasibətinin açıqlanacağı gözlənilir.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO