Bakı 2015-in rəhbər şəxsləri MOKA Baş Assambleyasında son yeniliklər haqqında məlumat veriblər

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin rəhbər şəxsləri Taylandın Banqkok şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının XIX Baş Assambleyasında ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar əldə edilmiş irəliləyişlər haqqında məlumat veriblər.

7-8 noyabr tarixlərində keçirilən tədbirə MOKA ev sahibliyi edib və buraya dünyanın Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan 204 Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri cəlb olunub.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadə və sözügedən komitənin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül xanım Nurullayeva tədbirdə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq və onun komandası ilə birlikdə iştirak ediblər.

MOKA Baş Assambleyasında çıxış edən xanım Nurullayeva deyib: “Gələn il biz Bakıda keçiriləcək və Azərbaycanın idman tarixində bu günə qədərki ən qürurverici an olan ilk Avropa Oyunlarına şahidlik edəcəyik.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində fəaliyyət göstərən hər kəsin və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində çalışan dostlarımızın zəhmətkeşliyi sayəsində biz gələn il dünyanı Azərbaycanda salamlamağa hazır olacağıq. Bu, Avropa idmanının şərəfli tarixində yeni səhifə açacaq bayram olacaq.”

Cənab Kleq və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin komandası Avropanın Milli Olimpiya Komitələrinin Prezidentlərinə və Baş Katiblərinə Avropa Oyunlarının Avropada və dünyada yayımı haqqında imzalanmış sazişləri ilə bağlı yenilikləri çatdırıblar.

Onlar həmçinin idman proqramı ilə əlaqədar son irəliləyişlər və Bakı 2015-in uğurla həyata keçirdiyi ilk üç sınaq yarışı haqqında da ətraflı məlumat veriblər.

Cənab Kleq bildirib: “Bu vaxta qədər mühüm təcrübələr qazanmışıq və komandamız Avropanın bütün Milli Olimpiya Komitələrinə ən yaxşı xidmətin göstərilməsi, onların ilk Avropa Oyunlarından ən yaxşı təəssüratlar alması məqsədi ilə gələn ilin əvvəllərinə planlaşdırılan çoxsaylı sınaq yarışları ilə inkişaf etməyə davam edəcək.”

Baş ofisi İsveçrənin Lozanna şəhərində yerləşən MOKA 1979-cu ilin iyun ayında təsis edilib və məqsədi idmançıların və bütövlükdə Olimpiya Hərəkatının mənafeyi naminə dünyanın 204 Milli Olimpiya Komitəsini dəstəkləməkdir.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO