Bakıda YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin iclası işinə başlayıb


Bu gün Bakıda YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) fövqəladə iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, fövqəladə iclas bu ilin may ayında Almaniyanın paytaxtı Berlin şəhərində Ümumdünya Bədən Tərbiyəsi və İdmana Məsul Nazirlərin və Rəsmilərin 5-ci Konfransı zamanı (MINEPS V) qəbul ediləcək Nazirlərin Yekun Bəyannaməsi ilə əlaqədar bütün tövsiyələrlə bağlı son tamamlama işlərini görmək məqsədini daşıyır. Tədbirdə 50 nəfərdən çox nümayəndə iştirak edir.

Fövqəladə iclasın müzakirə olunacaq əsas üç mövzu oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini qoruyub saxlamaq istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, hər kəsin idmanla məşğul olmaq kimi fundamental hüququnun dəstəklənməsi, bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının təşviq edilməsidir.

“Oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini və bütövlüyünü qoruyub saxlamaq”, yəni matçların nəticələrinin əvvəlcədən razılaşdırılması problemi, nazirlər və yüksək vəzifəli şəxslər, ekspertlər tərəfindən Ümumdünya Bədən tərbiyəsi və idmana məsul nazirlərin və rəsmilərin 5-ci konfransı zamanı müzakirə ediləcək əsas mövzulardan biri olacaq.

Nazirlər idmanın təmizliyini və bütövlüyünü qoruyub gücləndirmək məqsədilə tətbiq oluna biləcək qabaqcıl təcrübələri müzakirə edəcəklər. Sözü gedən məsələlər nazirlərin yekun bəyannaməsində öz əksini tapacaq.

Qeyd edək ki, 18-19 aprel 2012-ci il tarixdə İsveşrənin Lozanna şəhərində YUNESKO-nun Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin İclasında YUNESKO ilə qarşılıqlı razılıq əsasında Komitənin Fövqəladə İclasının və Daimi Məşvərətçi Şuranın İclasının 2013-cü il martın 13-15-də Bakı şəhərində keçirilməsi qərara alınıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO