Bakıda konfrans keçirilir

Konfrans İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının 2008-ci ildə tətbiq olunması vəziyyətinə həsr olunub

Bu gün Bakıda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının 2008-ci ildə tətbiq olunması vəziyyətinə həsr olunan konfrans keçirilir. APA-nın məlumatına görə, konfransda çıxış edən Ombudsman Elmira Süleymanova deyib ki, 2006-cı ilin 28 dekabrında təsdiq olunan Milli Fəaliyyət Planının icrasına 31 dövlət orqanı cavabdehdir. Ötən müddət ərzində bununla bağlı 54 dinləmə keçirilib, planın həyata keçməsi üçün İşçi Qrup yaradılıb. Son illər Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin Avropa standartlarına uyğunlaşdırıldığını qeyd edən E. Süleymanova cəzaçəkmə müəssisələrinin şəraiti və məhkumların insan hüquqlarının qorunması vəziyyətinin də yaxşılaşdığını deyib. Ombudsman deyib ki, dünyanın heç bir ölkəsində qısa zaman ərzində 8 amnistiya aktı, 45 əfv fərmanı verilməyib. Hazırda Azərbaycanda əhalinin hər yüz min nəfərinə 200-dən də az məhbus düşdüyünü qeyd edən E. Süleymanova bunun aparılan islahatların nəticəsi olduğunu söyləyib.

Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov isə deyib ki, hazırda Azərbaycan vətəndaşları öz hüquqlarını qorumaq üçün həm daxili, həm də beynəlxalq hüquq normalarından istifadə edirlər. O, ötən il Azərbaycanın bir sıra əhəmiyyətli beynəlxalq konvensiyalara qoşulduğunu deyib. Azərbaycanın işgəncələr və insan ləyaqətini alçaldan digər cəzaları qadağan edən protokolu və əlillərin hüquqları haqqında konvensiyanı ratifikasiya etdiyini xatırladan şöbə müdiri ölkədə məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində atılan addımlardan danışıb.

F. Ələsgərov 17 min məcburi köçkün ailəsi üçün 61 yeni qəsəbə tikildiyini, 1000-dən çox qaçqın və məcburi köçkünün hüquqlarının müdafiəsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edildiyini bildirib. Onun sözlərinə görə, şikayətlərə baxılması nəticəsində onların hüquqlarının Ermənistan tərəfindən bərpa olunmasına beynəlxalq nəzarətin həyata keçirilməsi gözlənilir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndirici Bruno Poeza çıxışında Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurası qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirəcəyinə əmin olduğunu deyib. B. Poeza Azərbaycandakı qeyri-hökumət təşkilatlarını BMT ilə sıx əməkdaşlıq etməyə çağırıb.

O, həmişə Azərbaycanın arxasında dayandıqlarını qeyd edərək ölkədə 2009-2010-cu illər üzrə insan alverinə qarşı Milli Fəaliyyət Planının qəbul olunmasını yüksək dəyərləndirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO