Bakıda hərbi cərrahlar üçün beynəlxalq simpozium öz işinə başlayıb. Trend xəbər verir ki, Bakıda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalı, Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumu və Türk-Azərbaycan Endoskopik Cərrahlar Assosiasiyasının əməkdaşlığı ilə “Bakı-hərbi cərrahiyyə simpozimu-Hərbi cərrahiyyədə təhsil” beynəlxalq simpoziumu keçirilir.
Azərbaycan Diplomatik Akademiyasının Tələbə Mərkəzində keçirilən simpoziumda Azərbaycandan əlavə 9 ölkənin (ABŞ, Rusiya, Xorvatiya, Almaniya, Finlandiya, Fransa,Türkiyə, Belorus və Şri-Lanka) hərbi cərrahı iştirak edir.
250-ə yaxın hərbi cərrahın iştirak etdiyi simpoziumun proqramı həm elmi, həm də sosial cəhətdən çoxşaxəlidir.
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı general-leytenant Elçin Quliyev iştirakçılara Ermənistan-Azərbaycan münaqişəsi haqqında qısa məlumat verib. O, bildirib ki, 20 ildən artıqdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir. Ermənistanla sərhədin 1007 km, İranla 132 km hissəsi Ermənistan silahlı birləşmələrinin işğalı altındadır. Onun fikrincə, müharibə şəraitində olan Azərbaycan üçün yüksək səviyyəli hərbi cərrahların olması böyük əhəmiyyət daşıyır.
O, forumun bütün iştirkakçılar üçün faydalı olacağına əmin olduğunu bildirib.
Simpoziuma uğurlar diləyən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, son illər Azərbaycanda 500-dən artıq yeni tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Əldə olunan tibbi uğurlar sahəsində cərrahiyyə əməliyyatlarının sayı artıb, ölün hadisələrinin sayı isə 2 dəfədən çox azalıb.
ADA-nın rektoru Hafiz Paşayev isə tədbirin iştirakçılarına uğurlar arzulayıb, simpoziumun Azərbaycanın hərbi tibb sektoruna öz töhfəsini verəcəyinə inandığını deyib.
Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirib ki, Universitetin hərbi tibb fakultəsində 90 nəfər təhsil alır. Onlardan 70 nəfəri Müdafiə Nazirliyi, 20 nəfəri Ədliyyə Nazirliyi üçün hazırlanır. O, DSX üçün də belə kadrların hazırlanması arzusunda olduğunu ifadə edib. Bu sahədə kadr hazırlığı düzgün yoldadır, lakin problemlər də var ki, onlar da aradan götürüləcək.
Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumu Zvonimir Lovriç belə bir simpoziumun Azərbaycanda keçirilməsinin əhəmiyyətli hadisə olduğunu vurğulayıb.
Burada nəzəri biliklərlə yanaşı iştirakçılara təcrübi vərdişlərə yiyələnmək və həmin vərdişləri möhkəmləndirmək üçün simulyatorlar üzərində “Aşağı ətrafların fassiotomiyası” kursu da təqdim edilləcək.
Tədbir zamanı hərbi cərrahiyyə sahəsində böyük nüfuza malik, dünya miqyaslı tibb müəssisələrinin nümayəndələri də öz təcrübələrini bölüşəcəklər.
Martın 16-dək keçiriləcək simpoziumun materialları və əlavə elmi araşdırmalar tezis şəklində Ali Attestasiya Komissiyasının qəbul etdiyi elmi topluda dərc edilib.
Simpozium iştirakçıları tədbirdən əvvəl Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət ediblər.