Bakıda “Böhranların idarə edilməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda yay sessiyası keçirilir

İyunun 22-də Bakıda Xarici İşlər Nazirliyinin dəstəyi ilə Azərbaycan NATO Beynəlxalq Məktəbinin “Böhranların idarə edilməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda yay sessiyası işə başlamışdır. İyunun 26-dək davam edəcək sessiya çərçivəsində böhranların idarə edilməsi, bu prosesdə NATO-nun rolu, idarəetmə mexanizmləri, dənizdə böhranlar, dəniz, enerji və sərhəd təhlükəsizliyi, əhəmiyyətli infrastrukturların mühafizəsi, beynəlxalq terrora qarşı mübarizə, böhranların idarə edilməsində sosioloji tədqiqatlar və digər mövzularda məsələlər müzakirə olunacaqdır.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdir ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir sıra problemlərlə üzləşmişdir. Ərazilərin işğalı, əhalinin öz doğma evlərindən qovulması, həmçinin hərbi əməliyyatlar böhranlara yol açır. Bu cür problemlər qonşu ölkələrə də təsir göstərir.

İzmir Universitetinin əməkdaşı İtir Bağdadi müasir dövrün təhdidlərindən danışaraq vurğulamışdır ki, bu gün meydana çıxan beynəlxalq təhlükəsizlik məsələlərinin həlli dövlətlərin birgə səylərindən asılıdır. Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureke əlaqələndirici dövlət olaraq ölkəsinin Azərbaycanın Avratlantik qurumlara inteqrasiyasını dəstəklədiyini və bu sahədə müvafiq işlər aparıldığını demişdir.

Sessiyada yerli mütəxəssislər, hərbi və təhlükəsizlik qurumlarının, həmçinin müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO