Bakı sürücüləri üçün şad xəbər: yol genişləndirilir


Bakının “Şamaxınka” adlanan ərazisində tunelin üstündəki yaşıllıq zolağı asfalt örtüyü ilə əvəzlənir.
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, ərazidə yaşıllığın əvəzinə asfalt örtüyü çəkiləcək. İşlər metronun “20 Yanvar” stansiyası dairəsi yaxınlığında “Şamaxinka” adlanan ərazidə Bakı Beynəlxalq Avtovağzalı istiqamətində ümumi uzunluğu 134 metr olan məsafədə, tunelin üst hissəsində aparılır. Belə bir qərar sürücü və piyadaların oradakı yaşıllığı məhv etdikləri üçün qəbul edilib.
“Həmin ərazidə hərəkət intensivliyi böyük olduğu üçün bir müddət əvvəl orada əlavə bir hərəkət zolağı salınıb, dönmə əməliyyatı edilməsi üçün isə 4 zolaq çəkilib. Orada tunelin üst tərəfi yaşıllıq zolağı idi, eyni zamanda orada piyadaların keçməsi üçün xüsusi yer var idi. Hərəkət intensivliyi çox olan vaxtlar bəzi mədəniyyətdən uzaq olan sürücülər avtomobilləri yaşıllığın içi ilə sürürdülər. Eyni zamanda piyadalar da təyin olunmuş yerdən keçmir, salınmış yaşıllığın üstü ilə hərəkət edirdilər. Bunu nəzərə alaraq oradakı bardürlər daha hündürləri ilə dəyişdirilsə də, yenə də bəzi yük maşınları onları da dağıdaraq yaşıllığın içi ilə hərəkət edirdilər. Nəticədə həm yaşlıllıq, həm də oradakı suvarma sistemi sıradan çıxıb. Bütün bunları nəzərə alaraq, həmin yaşıllığın ləğv edilib, yerinə asfalt örtüyü çəkilməsi qərara alınıb”, mətbuat xidmətinin rəhbəri açıqlayıb.
Mürsəliyev qeyd edib ki, hava şəraiti imkan verərsə, işlərin bir neçə gün ərzində tamamlanması planlaşdırılır.
Qeyd edək ki, ərazidəki tunnel 2007-ci il martın 19-da istifadəyə verilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO