Rəsmi Bakı ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycanda aksiyalar təşkil etməsinə dair məsələni araşdırır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü keçirilən mətbuat konfransında bildirib.
Məmmədyarov deyib ki, bu məsələ araşdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Nazir bildirib ki, Bakıda sonuncu etiraz aksiyası qeyri-qanuni keçirildiyi üçün onun qarşısı alınıb.
Onun sözlərinə görə, etiraz aksiyası keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək lazımdır.
“Əvvəlki vaxtlarda təyin olunmuş yerlərdə aksiyalar keçirilirdi və qanun çərçivəsində olan aksiyalara hər hansı müdaxilə edilməyib. Qanunsuz aksiyalar keçiriləcəksə, hüquq-mühafizə orqanları qanun çərçivəsində öz tədbirlərini görəcəklər”, – nazir deyib.
Qeyd edək ki, bəzi KİV-də ABŞ Milli Demokratiya İnstitutu tərəfindən Azərbaycanda “Facebook” sosial şəbəkəsi vasitəsilə inqilab planlaşdırılması layihəsinə 2 milyon dollar ayırdığı barədə məlumat yayılıb.