Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində “Azərsun Holdinq” tədbirlər təşkil edib.
“Azərsun Holdinq”in maliyyə dəstəyi ilə soyqırıma həsr olunmuş kitab Türkiyədə nəşr olunaraq ictimaiyyətin nümayəndələrinə, müxtəlif institutlara təqdim olunub.
Oqtay Hacımusalının qələmə aldığı “Xocalı-1992” kitabı həmin illərdə ermənilər tərəfindən Xocalıda törədilən faciəni əks etdirir. Bu kitab Türkiyə ictimaiyyətində böyük diqqətlə qarşılanıb və Türkiyə ictimaiyyətinin diqqətini cəlb edib.
Şirkətlər qrupunun Xocalıya həsr olunmuş tədbirlərindən biri də fevral ayının 25-i holdinqin mədəniyyət mərkəzində “Bura vətəndir” aksiyası çərçivəsində “Xocalıya ədalət” adlı ədəbi-bədii kompozisiya olub. Kompozisiya Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən hazırlanıb. Keçirilən tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, millət vəkili Hüseynbala Mirələmov Xocalı soyqırımı ilə bağlı çıxış edib və erməni qəsbkarlarının törətdiyi bu vəhşiliyi pisləyiblər.
“Azərsun Holdinq”in təşkil etdiyi silsilə tədbirlərin davamı olaraq 26 fevral Xocalı soyqırımının ildönümünü yad etmək üçün şirkətlər qrupunun müşahidə şurasının sədri Abdolbari Goozal və holdinqin rəhbər işçiləri soyqırım qurbanlarının əziz xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edərək gül çələngi və tər çiçəklər qoyublar. Beləliklə, faciə qurbanlarının əzizi xatirəsi şirkət kollektivi tərəfindən dərin hüznlə yad edilib.