Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Azərsun Holdinq “in dəstəyi ilə və 30-a yaxın tanınmış şirkətin iştirakı ilə Karyera Günləri keçirilib. “Azərsun Holdinq”dən Trend-ə daxil olan məlumata görə, tədbirdə “Azərsun Holdinq”in müşahidə şurasının sədri Abdolbari Goozal akademiyanın rektoru, səfir Hafiz Paşayevlə görüşərək gələcək əməkdaşlıqla bağlı müzakirələr aparıb. Görüşdə bir sıra istiqamətlərdə əməkdaşlıq barədə razılıq əldə olunub.
Eyni zamanda “Azərsun Holdinq”in ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi tullantı kağızların təkrar emalı üçün toplanması layihəsi də ADA tərəfindən dəstəklənəcək. Bu münasibətlə rəmzi olaraq ilk tullantı kağızlar, səfir Hafiz Paşayev və Abdolbari Goozal tərəfindən yaşıl qutuya atılıb.
Tədbirdə, “Azərsun Holdinq”in İnsan Resursları Direktorluğunun işə qəbul şöbəsinin əməkdaşlarının holdinq haqqında təqdimatı keçirilib. Şirkətdə vakant yerlər barədə edilən təkliflər tələbələr tərəfindən böyük maraqla qarşılanıb.