Azərbaycanın XİN-i Pakistan, Əfqanistan və Tacikistandakı vəziyyətlə bağlı vətəndaşlara xəbərdarlıq etmişdir

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda, Əfqanıstanda və Tacikistanda yaranmış vəziyyətlə bağlı vətəndaşları xəbərdar etmişdir. Nazirliyin rəsmi saytında qeyd olunur ki, Pakistanda son vaxtlar terrorçuluq və dini qruplaşmalar arasında toqquşmalar güclənmişdir. Dövlət rəsmilərinə, xüsusilə də xarici ölkələrin vətəndaşlarına qarşı çoxlu hücumlar və sui-qəsdlər törədilmişdir. Bu ölkədə terrorçu qruplaşmalar tərəfindən xarici vətəndaşların qaçırılması və girov götürülməsi halları artmışdır.

Əfqanıstanla bağlı xəbərdarlıqda bildirilir ki, bu ölkə də xarici ölkələrin vətəndaşları üçün olduqca təhlükəlidir. Mehmanxanalar, hökumət binaları, beynəlxalq institutlara məxsus obyektlər potensial hədəflər sırasındadır. Onların heç biri hücum təhlükəsindən sığortalanmamışdır. Əfqanıstanın paytaxtı Kabildəkı hava limanına və xarici pilot heyətinə qarşı hücumlar olmuşdur. Aeroporta gedən və onun ətrafında yerləşən yollar da olduqca təhlükəlidir. Quru yolu ilə Kabil ətrafında yerləşən ərazilərə səfərlər xüsusilə təhlükəlidir. Bu ərazilərə səfərlər Əfqanıstan hökuməti tərəfindən qadağan edilmişdir. Ölkənin bir çox ərazilərində minalar basdırılmışdır. Buna görə də heç bir ərazi təhlükəsiz hesab olunmur.

Tacikistana dair xəbərdarlıqda deyilir ki, bu ölkədə təhlükəsizliklə bağlı ümumi vəziyyət sabit olsa da, Əfqanıstan, Qırğızıstan və Özbəkistan ilə sərhəd ərazilərinə səfərlər çox təhlükəlidir. Paytaxt Düşənbə təhlükəsiz olsa da, Əfqanıstanla sərhəd ərazilərdə tez-tez narkotik alverçiləri və sərhədçilər arasında silahlı toqquşmalar olur.

Xəbərdarlıqlarda Pakistan, Əfqanıstan və Tacikistana səfər edən vətəndaşlara tövsiyə olunur ki, Azərbaycanın həmin ölkələrdəki səfirlikləri ilə əlaqə saxlasınlar və konsulluq qeydiyyatına düşsünlər.

AzərTAc

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO