Azərbaycanın xarici işlər naziri ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktorunu qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Adam Kobieraçkini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-ATƏT gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edərək bildirib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. O, münaqişənin həllinin uzanmasının regionda sülh və sabitliyin bərpasına imkan vermədiyini, həmçinin bütövlükdə geniş Avropa məkanı üçün təhdid təşkil etdiyini vurğulayıb. Nazir qeyd edib ki, münaqişənin həlli üçün beynəlxalq ictimaiyyət işğalçı dövlətə qarşı təzyiqləri artırmalı və münaqişənin həlli məsələsi daim beynəlxalq gündəlikdə tutulmalıdır.

E.Məmmədyarov Azərbaycanın ATƏT-in tamhüquqlu üzvü kimi təşkilatda əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb və ATƏT-in bir təşkilat kimi bütün üzv dövlətlərə qarşı eyni münasibət nümayiş etdirməsinin vacibliyini qeyd edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO