Azərbaycanın dövlət siyasətində gəncliyə böyük əhəmiyyət verilir

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin dövlətin ictimai həyatında rolu” mövzusunda növbəti seminar keçirilib.

Trend-in məlumatına görə, seminarda ölkənin 27 rayonundan 300-ə qədər gənc iştirak edib.

Seminarda mühazirə ilə çıxış edən YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanda layiqli gənclik formalaşıb və bu gəncliyin gələcəyinin təmin olunması ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi bütövlükdə gəncliyin inkişafı, gəncliyin ictimai-siyasi həyatımızda rolunun güclənməsi baxımından da böyük əhəmiyyət kəsb edir: “Seminar gənclərin hər biri üçün sərfəli olacaq, əlaqələrin davam etdirilməsinə kömək edəcək”.

Onun sözlərinə görə, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur: “Gəncliyin ən mühüm vəzifəsi gələcəyin estafetini əlinə alıb o estafeti layiqincə daşımaqdan ibarətdir. Güman edirəm ki, bugünkü gənclik də bu missiyanı həyata keçirmək üçün hazırdır”.

Əhmədov bildirib ki, bu gün Azərbaycanın dövlət siyasətində gəncliyə böyük əhəmiyyət verilir. Onun sözlərinə görə, dövlət gənclərlə bağlı bütün layihələri layiqincə yerinə yetirir. Gənclərin ictimai-siyasi həyatda iştirak etməsi üçün hər cür şərait yaradılır. O, indiyə qədər ölkədə keçirilən seçkilərdə gənclərin fəallığını misal çəkib.

Sədr müavini, həmçinin qeyd edib ki, Azərbaycan iqtisadiyyatının gündən-günə güclənməsi ilə bütövlükdə Azərbaycan cəmiyyəti yeni bir cəmiyyətə çevrilib, tamamilə fərqli cəmiyyət formalaşıb: “Bu, insanların təfəkküründə, gələcəyə baxışında olan fərqdir”.

Seminarda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev isə deyib ki, bugünkü gənclik ölkənin ictimai-siyasi həyatına kifayət qədər təsiretmə imkanına malikdir. Onun sözlərinə görə, Azərbaycan gəncləri üçün hər cür şərait yaradılıb: “Məhz ulu öndər Heydər Əliyev gənclərlə bağlı böyük siyasət yürütdü və bu siyasətin çərçivəsində onun tərəfindən gənclərlə bağlı nazirlik yaradıldı. Heydər Əliyev daim gənclərin yüksək vəzifələrə irəli çəkilməsinə də geniş yer verib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Nazir müavini Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda gəncləri daha fəal olmağa çağırıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO