Azərbaycanın BMT-dəki daimi nümayəndəsi məktub göndərib

Aqşin Mehdiyev baş katibin diqqətini fevral-mart aylarında Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması faktına yönəldib

Azərbaycan son bir ayda ikinci dəfə BMT-nin diqqətini Ağdam rayonunun Orta Qərvənd kəndində 9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən öldürülməsi faktına yönəldib.

Azərbaycanın BMT-də daimi nümayəndəsi Aqşin Mehdiyev BMT baş katibinə yeni məktubla müraciət edib.

“Xüsusi olaraq diqqəti bu fakta yönəltmək istəyirəm ki, bu dəhşətli cinayət (9 yaşlı uşağın öldürülməsi) Ermənistan və Azərbaycan prezidentlərinin 2011-ci il martın 5-də Rusiya prezidentinin dəvəti ilə münaqişənin nizamlanması üçün Soçidə keçirilən görüşündən üç gün sonra baş verib. Hökumətimdən aldığım təlimata əsasən, sizin diqqətinizi 2011-ci ilin fevral və mart aylarında Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulmasına yönəltmək istəyirəm. Bu dövrdə atəşkəsin pozulması nəticəsində Azərbaycanın bir mülki vətəndaşı və iki əsgəri öldürülüb, dörd əsgər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır”.

Səfir qeyd edib ki, həmin dövrdə Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edən Ermənistan əsgərləri arasında döyüşdən kənar zorakılıq halları baş verib və bu hadisələr erməni ordusunun iki əsgərinin ölümü ilə nəticələnib: “Mətbuatda yayılan məlumatlara görə orduya yeni çağırılmış Gevork Kotinyan və Torgom Saruxanyan öz əsgər yoldaşları tərəfindən öldürülüblər. Qətl hadisələri 2011-ci il fevralın 6-da və martın 2-də baş verib. Ermənistanın Müdafiə Nazirliyi də bu faktları təsdiqləyib. Ermənistan Silahlı Qüvvələrində pozğunluq və nizamsızlıq halları və son hadisələr onların Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdiklərini bir daha sübut edir. Məlum olduğu kimi, qətlə yetirilmiş əsgərlər Ermənistanın vətəndaşları və sakinləridir. Onlar Ermənistanın Vanadzor və Gümri rayonlarından orduya çağırılıb və Azərbaycanın işğal olunmuş ərazilərinə xidmətə göndəriliblər”.

Səfir onu da qeyd edib ki, “qətl hadisələrinin təhqiqatı Ermənistan Müdafiə Nazirliyinin istintaq şöbəsi tərəfindən bu ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq aparılır. Göründüyü kimi, Ermənistan Müdafiə Nazirliyi Ermənistanın hüdudlarından kənarda da istintaq aparır və öz ölkəsinin Cinayət Məcəlləsini Azərbaycanın işğal edilmiş ərazilərində tətbiq edir”.

Səfir Aqşin Mehdiyevin məktubunda bildirilir ki, fevral və mart aylarında Ermənistan ordusu 105 dəfə atəşkəsi pozub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO