Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bir sıra görüşlər keçirib


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoy Sukin ilə görüşüb.
Mehriban xanım Əliyeva Azərbaycan və Koreya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini deyən birinci xanım münasibətlərin yüksəlməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin önəmini qeyd etdi.
Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun da münasibətlərin inkişafına töhfəsini verəcəyinə əminliyini söyləyib, Koreya təşkilatları ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Fondun fəaliyyəti barədə məlumat verən Mehriban xanım Əliyeva Azərbaycanda və xaricdə həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, Fond Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə xüsusi önəm verir.
Tanışlıq xarakteri daşıyan görüşdə Koreya Respublikası ilə birgə həyata keçirilə biləcək layihələr, xüsusən gənclərin təhsil mübadiləsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüşüb.
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verib, beynəlxalq qurumlar, o cümlədən UNESCO və İSESCO ilə əməkdaşlıq istiqamətləri barədə danışıb.
Görüşdə Heydər Əliyev Fondu ilə ABŞ arasında təhsil, tələbə mübadiləsi, qadın peşə məktəblərinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb. Həmin məktəblərdə qızlar müxtəlif peşələrə yiyələnəcəklər.
Qeyd olunub ki, Azərbaycanda qadın sahibkarlara dövlət dəstəyi göstərilir, onların cəmiyyətdəki rolu, ictimai fəaliyyətinin stimullaşdırılmasına xüsusi diqqət göstərilir.
Səfir Mehriban xanım Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər layihələr ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 15-də Litvanın ölkəmizdəki səfiri Arturas Jurauskas ilə görüşüb.
Mehriban xanım Əliyeva qonağı Heydər Əliyev Fondunda salamlamaqdan məmnun olduğunu bildirib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, Heydər Əliyev Fondu Litva ilə əməkdaşlığa böyük önəm verir. Azərbaycanın birinci xanımı keçmiş səfir ilə bu istiqamətdə aparılan işləri xatırladıb, əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.
Görüşdə Azərbaycan ilə Litva arasında təhsil sahəsində aparılan əməkdaşlıq barədə də danışılıb. Qeyd olunub ki, hazırda Litvada 104 azərbaycanlı tələbə təhsil alır. Ötən il bir qrup litvalı gənc də Azərbaycanda səfərdə olub.
Görüşdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO