Azərbaycanlılar Berlində etiraz aksiyası keçiriblər


31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Almaniyanın paytaxtı Berlinin mərkəzində Brandenburq darvazaları önündə Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Gənclər Assosiasiyası birgə etiraz nümayişi keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiya iştirakçıları 31 mart qırğınlarını əks etdirən vərəqələr paylayıb, çoxsaylı şüarlar səsləndirərək yerli əhalinin və turistlərin diqqətini bu qanlı hadisələrin tarixinə cəlb ediblər, Berlin sakinəri ilə şəxsi söhbətlərdə azərbaycanlıların soyqırımı haqqında məlumat veriblər. Aksiyanın sonunda erməni millətçilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri pisləyən bəyanat oxunub.
Nümayişdən sonra Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlindəki Azərbaycan Evində anım mərasimi təşkil olunub. Tədbir iştirakçıları Azərbaycan tarixinin qanlı səhifələrini xatırlayıb, həmçinin diaspor fəaliyyətində təbliğatın gücləndirilməsi yollarını müzakirə ediblər.
Almaniyada fəaliyyət göstərən digər Azərbaycan cəmiyyətləri də 1918-ci il martın 31-də baş vermiş faciəni müxtəlif aksiya və tədbirlərlə Almaniyanın bir çox əyalət və şəhərlərində yad edib.
Xatırladaq ki, bundan bir müddət əvvəl Avropa Azərbaycanlıları Konqresi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa Parlamentinin İnsan Hüquqları Departamentinin rəhbəri Barbara Loxbilerə, Almaniya Bundestaqının prezidenti Norbert Lammertə, eyni zamanda, Avropa ölkələri və Almaniyanın müxtəlif ictimai-siyasi qurumlarına, dövlət və qeyri-dövlət təşkilatlarına müraciətlər göndərmişdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO