Özünəxidmət terminalları şəbəkəsində “Azərsu” ASC-nin xidmətlərinə görə ödəniş aprel ayından mümkün olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi “Komtec” şirkətinin (terminalların operatoru) icraçı direktoru Söhrab Fərhadov mətbuat konfransında deyib.
“Hazırda su operatorunun billinq sistemilə inteqtrasiyası üzrə işlər aparılır”, – Fərhadov qeyd edib.
Hazırda “Azərsu”da istifadə edilən SMART-kartların sayı 20 min ədəd təşkil edir.
“Özünəxidmət terminallarının sayı 700 ədəddir, onlardan 150-si regionlarda quraşdırılıb. İlin sonunadək terminalların ümumi sayını 2 minə çatdırmaq planlaşdırılır, bu saydan təqribən 700 ədədi bölgələrdə quraşdırılacaq” , – Fərhadov qeyd edib.
Hazırda şirkət, həmçinin 1280 ədəd POS-terminal quraşdırıb, bunlardan 300 ədədə yaxını ölkənin regionlarında istifadə edilir.
Onun sözlərinə görə, tranzaksiyaların çoxu kommunal xidmətlərin (qaz, su və elektrik enerjisinə görə ödənişlər) payına düşür, ikinci yerdə mobil rabitə, üçüncü yerdə isə internet və kabel televiziyası xidmətləridir.
Fərhadov bazar ertəsi Trend-ə bildirib ki, tranzaksiyaların aylıq sayı təqribən 4 milyon ədəd təşkil edir.
“Hazırda bank kreditlərinin ödənişi üzrə tranzaksiyaların sayının artması müşahidə edilir. Əgər hazırda kommunal və mobil rabitə xidmətləri ödənişi bazarının aylıq həcmi təqribən 130 milyon manat qiymətləndirilirsə, kreditlərin ödənişi üzrə məbləğ 300 milyon manata çatır. Buna görə də bu sektoru çox perspektivli hesab edirik” , – o qeyd edib.
Fərhadov vurğulayıb ki, yaxın vaxtlarda ASAN mərkəzlərilə əməkdaşlıq da planlaşdırılır ki, bu da vətəndaşlara ödəniş terminalları vasitəsilə dövlət xidmətləri üzrə ödənişləri həyata keçirməyə imkan verəcək.