Azərbaycanda tibbi xarakterli məcburi tədbirlərin sayı azaldılacaq


Azərbaycanda tibbi xarakterli məcburi tədbirlərin sayı azaldılacaq. Ali Məhkəmədən Trend-ə daxil olan məlumata görə, bununla bağlı Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişiklik təklif olunub və Ali Məhkəmə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə qanun layihəsi təqdim edib.

Cinayət Məcəlləsinə təklif olunan əsas dəyişiklik məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinin tibbi xarakterli məcburi tədbirlər sırasından çıxarılmasıdır.

Ali Məhkəmədən bildirilib ki, 2010-2011-ci illər ərzində məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində bu sahədə ciddi pozuntular aşkar edilib.

Ümumiləşdirmənin nəticələri zamanı müəyyən edilib ki, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, həmin tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ləğv edilməsi həkim-psixiator komissiyalarının rəyi əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, bu kimi işlər üzrə rəylər buna səlahiyyəti olmayan həkim-məsləhət komissiyası tərəfindən verilib. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, həmin tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi işlərinə baxılarkən həkim-psixiator komissiyasının rəyinin işin faktiki hallarına və xəstənin sağlamlıq durumuna uyğunluğu məhkəmələr tərəfindən düzgün qiymətləndirilməyib. Məhkəmələrin qəbul etdiyi qanunsuz qərarlar əsasında şəxsin ambulator müalicəyə və psixiator müalicəsinə keçirilməsi onun faktiki azadlığa buraxılması ilə nəticələnir. Bu xəstələr sonradan təkrarən ağır cinayətlər törədirlər.

Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinin tibbi xarakterli məcburi tədbirlər sırasından çıxarılması ilə əlaqədar olaraq Cinayət və Cinayət-Prosessual məcəllələrinə müvafiq dəyişikliklərin edilməsi təklif olunub.

Xatırladaq ki, Ali Məhkəmənin Plenumunun 8 noyabr 2012-ci il tarixli iclasında bu məsələ müzakirə edilib və “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Plenum qərarı qəbul edilib.

Ali Məhkəmənin Plenumu mübahisə yarandığı halda, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin həkim-psixiator komissiyasının rəyi əsasında deyil, ekspertiza rəyi əsasında dəyişdirilməsini məhkəmələrə tövsiyə edib.

Belə ki, tibbi xarakterli məcburi tədbirlər daha yüngülü ilə əvəzləndikdə şəxsin sağlamlıq durumunu komissiya deyil, ekspertiza müəyyən etsin. Ekspertizaların keçirilməsinə isə psixitariya sahəsində yüksək biliyə və təcrübəyə malik olan müxtəlif səhiyyə müəssisələrinin mütəxəssisləri cəlb edilə bilərlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO