«Azərbaycanda seçkilər Amerikadan da şəffaf keçirilir»

Madər Musayev: “Necə olur ki, Madər Musayev 5 dəfə deputat seçilə bilir, İlham Əliyev iki dəfədən artıq prezident ola bilmir?”

Milli Məclisin üzvü Hacı Madər Musayev APA-ya müsahibə verib. Müsahibənin ən maraqlı hissələrini diqqətinizə çatdırırıq.

– Az qala 20 ildir ki, deputatsınız, ancaq həmkarlarınızdan fərqli olaraq heç vaxt xarici ölkələrə getmirsiniz…

– Mən heç vaxt təyyarəyə minmirəm. Cəmi 1-2 dəfə təyyarədə uçmuşam. Sonra özümə söz vermişəm ki, heç vaxt nəqliyyatın bu növündən istifadə etməyəcəyəm.

– Qorxursunuz?

– Yox. Yerdən ayrılanda özümü çox pis hiss edirəm. Hiss edəndə ki, mən artıq yerdən 10 km yüksəkliyə qalxmışam başıma hava gəlir. Ona görə də təyyarəyə minmirəm.

– Parlamentdə də həmişə lap arxa sırada oturursunuz…

– Mən orta məktəbdə də yaxşı oxumamışam və həmişə arxa sırada oturmuşam. 20 ildir Milli Məclisdə eyni yerdə otururam. Yerimi dəyişməyi sevmirəm. 10 ildir ki, yanımda İmamverdi İsmayılov oturur. Əvvəllər Ziya Bünyadov və digər deputatlar yanımda oturublar.

– Sizin həm də böyük bizneslə məşğul olduğunuzu deyirlər.

– Mən ömrü boyu ticarətlə məşğul olmuşam. 1990-cı ildə deputat seçiləndə mağaza müdiri idim. Yaşayışımdan narazı deyiləm. Mənim heç vaxt müdirim olmayıb. Həmişə müstəqil olmuşam.

– Deyirlər, şəhərdə “012” ilə olan bütün avtomobillər Sizə məxsusdur.

– 12 rəqəmini 12 imam kimi qəbul etmişəm. Nədənsə həmişə bu rəqəmə meyl etmişəm. Bəzən aldığım maşın üçün nömrə götürməyə gedəndə heç xahiş etməmiş polislər mənə “012” nömrəsini verirlər. Hərdən mənə elə gəlir ki, başqa nömrə götürsəm, nəsə pis bir şey baş verə bilər. Qaldı bütün “012” nömrələrinin mənə məxsus olmasına, bu düz deyil.

– Martda keçiriləcək referendumla bağlı nə fikirləşirsiniz?

– Burada daha çox müzakirə 101-ci maddənin 5-ci hissəsi ilə bağlıdır. Hesab edirəm ki, prezidentin səlahiyyət müddətinə qoyulan məhdudiyyətin götürülməsi düzgündür. Necə olur ki, Madər Musayev 5 dəfə deputat seçilə bilir, İlham Əliyev iki dəfədən artıq prezident ola bilmir? Mən referendumu ən demokratik seçim hesab edirəm. İnsan nə qədər çox seçilirsə, o qədər çox məsuliyyət daşıyır. Adam seçicisini bir dəfə, iki dəfə aldada bilər. Əgər sən seçicilərə verdiyin sözü yerinə yetirməyəcəksənsə, sonrakı müddətdə namizədliyini necə verəcəksən? Dəfələrlə seçilməyin heç bir ziyanı yoxdur. Necə olur ki, bir nazir 10 il, 15 il işləyə bilir? Bu boyda ölkəni elə beş ilə ancaq tanımaq olur. Bu gün Azərbaycanda seçkilər Amerikadan da şəffaf keçirilir. Mən İlham Əliyevi alternativ tanımıram.

«Bizim Yol» qəzeti

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO