Azərbaycanda peyvənd edilməyən uşaqlar bu həftə peyvəndə cəlb ediləcəklər

Azərbaycanda müxtəlif səbəblərə görə vaxtında peyvənd edilməyən uşaqlar İmmunlaşdırma Həftəsi çərçivəsində peyvəndə cəlb ediləcəklər. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, İmmunlaşdırma Həftəsinin keçirilməsinə 2007-ci ildən başlanılıb.
“Əgər hər hansı uşağın peyvəndi müxtəlif səbəblərdən aparılmayıbsa, həmin peyvəndləri bu həftə ərzində aparmaq lazımdır. Bununla da uşaqlarda xəstəliklərə qarşı immunitet yaradılır”, – Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanda uşaqların peyvəndə cəlb olunma faizi vaksinlərdən asılı olaraq dəyişir.
Mərkəz rəsmisi bildirib ki, uşaqların bəzi vaksinlərə cəlb olunma faizi 95, 96, bəzilərində isə 98 faiz olur.
Əliyeva peyvənd edilməyən uşaqların hökmən peyvənd edilməsini də vacib sayıb.
Onun sözlərinə görə, bəzən uşaqlar sahə üzrə yerləşən tibb müəssisələrində qeydiyyata düşmürlər. Buna görə də müəssisələr həmin uşaqları aşkarlamalı və peyvəndə cəlb etməlidir.
Mərkəz rəsmisinin sözlərinə görə, 5 komponentli, yəni 5 infeksiyaya qarşı peyvəndi aparılan AKDS vaksini 1 yaşadək uşaqlara vurulur. Bəzən bu vaksinlərin vaxtında vurulmaması halları olur. Həmin uşaqlar da bu həftə ərzində peyvəndə cəlb olunmalıdır.
Əliyeva deyib ki, yaxın zamanlarda Azərbaycanda uşaqların pnevmokok infeksiyalarına qarşı peyvənd edilməsinə başlanacaq. Pnevmakok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. Hazırda peyvəndin vurulması üçün hazırlıq işləri aparılır.
Qeyd edək ki, bu gündən başlayaraq Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilir. Aprelin 27-də yekunlaşacaq bu tədbir Bakı və ölkənin bütün bölgələrini əhatə edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO