Azərbaycanda imkansız vətəndaşlara pulsuz hüquqi yardım göstərilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında çərşənbə günü Azərbaycan Hüquqlar Konsorsiumu və Azərbaycanın Hüquq İslahatları Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycandakı ödənişsiz hüquqi yardımın göstərilməsi barədə konsepsiyanın ictimai müzakirəsi keçirilib.
Müzakirə çərtçivəsində “Dövlət tərəfindən təmin edilən hüquqi yardım haqqında” qanun layihəsi də müzakirə edilib.
Tədbirdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, deputat Əli Hüseynli bildirib ki, bu konsepsiya artıq sosial sifarişdir.
Deputatın sözlərinə görə, cəmiyyətdə ödənişsiz hüquqi yardım göstərilməsinə zərurət artmaqdadır. Bu qanun layihəsində də imkansız insanlara ödənişsiz hüquqi yardımın göstərilməsi məsələsi nəzərdə tutulub. Onun sözlərinə görə, Azərbaycan Hüquq Konsonsiumu AHK ilə Amerika Beynəlxalq İnkişaf Agentliyinin birgə layihəsidir. 4 illik layihə çərçivısində Azərbaycanın 4 regionunda imkansız vətəndaşlar üçün ödənişsiz hüquqi yardım mərkəzləri yaradılması nəzərdə tutulub.
Amerika Beynəlxalq İnkişaf Agentliyinin Demokratiya və İdarəçilik Ofisinin direktoru Ronald Qlass bildirib ki, ən yoxsul təbəqələrin də hüquqi yardım ehtiyacları ödənilməlidir. Onun sözlərinə görə, Azərbaycanda cinayət sahəsində hər 10 min nəfərə bir hüquqşünas düşür ki, bu da aşağı göstəricidir.
Tədbirdə Azərbaycan Hüquqları Konsorsiumunun üzvü Sahib Məmmədov “Ödənişsiz hüquqi yardım haqqında” qanun layihəsi ilə bağlı yaradılmış işçi qrupun gördüyü işlər və hər iki sənədin təqdimatını keçirərək layihələr barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Azərbaycan Hüquq İslahatları Mərkəzinin idarə heyətinin üzvü Mehman Sultanov çıxışında İşçi Qrupunun formalaşdırılmasının hansı zərurətdən yarandığı və məqsədi barədə məlumat verib.
Sultanov bildirib ki, belə bir qanunun qəbulu ideyasının müəllifi olaraq AHİM il yarım bundan əvvəl ölkəmizdə hüquqi yardım işinin vəziyyətinin araşdırılması istiqamətində fəaliyyətə başladı. Buna səbəb isə ölkəmizdə vəkilliklə, hüquqi yardımın göstərilməsi ilə bağlı obyektiv problemlərin, xüsusilə vəkillərin sayının azlığı, gənc hüquqşünasların bu sahəyə meyillərinin qismən aşağı olması idi. Həmçinin, ölkə başçısının 2008-ci ildə imzaladığı “2008-2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” və digər bənzər sənədlərdə aztəminatlı şəxslərə hüquqi yardımın göstərilməsinin vacibliyinin vurğulanması idi.
Təxminən 1 il bundan qabaq Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) birgə təşəbbüsü və AHİM-in sədri Anar Bağırovun rəhbərliyi ilə 14 nəfər peşəkar hüquqşünasdan-vəkillərdən, alimlərdən ibarət tərkibdə İşçi Qrupu təşkil olundu. Bü müddət ərzində İşçi Qrupu beynəlxalq təşkilatların nümayəndələri ilə çoxsaylı görüşlər keçirdi və görüşlərin nəticəsi olaraq , “Ödənişsiz hüquqi yardım haqqında” qanun və Konsepsiya layihəsi hazırlandı. Sənəd layihələrinin hazırlanması məqsədilə Türkiyə, Litva, Almaniya, Finlandiya və digər dövlətlərin bu sahədəki təcrübəsi öyrənildi və həmin təcrübələrdən istifadə olundu.
Sultanov deyib ki, “Ödənişsiz hüquqi yardım haqqında” qanun layihəsində aztəminatlı və əhalinin sosial cəhətdən həssas qruplarının ödənişsiz hüquqi yardıma çıxış imkanları müəyyən Onun sözlərinə görə, hazırlanmış yeni qanun layihəsində vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, regionlarda vəkil çatışmazlığı probleminin həlli, vətəndaşların hüquq və maraqlarının təmini, yerlərdə ödənişsiz hüquqi yardım göstərəcək qurumların yaradılması ilə bağlı məsələlər əksini tapıb.
Qeyd olunmalıdır ki, layihə, ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib və sənədlərin beynəlxalq ekspertizası məqsədi ilə İngilis dilinə tərcüməsi həmin təşkilatlar tərəfindən həyata keçirilib.