Azərbaycanda hazırkı bələdiyyə sədrlərinin yalnız 41 faizi ali təhsillidir – Prezidenti Administrasiyasının şöbə müdiri

Azərbaycanın Prezident Administrasiyasının şöbə müdirinin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, hazırkı bələdiyyə sədrlərinin yalnız 41 faizi ali təhsillidir. “Bələdiyyə üzvlərinin isə yalnız 34 faizi ali təhsillidir. Bələdiyyə üzvlərinin dörd faizi qadınlar, bələdiyyə sədrləri arasında qadınların təmsil olunması isə iki faizdir. Növbəti seçkilərdə bu çatışmazlıqların aradan qaldırılmasına çalışmaq lazımdır”, – Trend News-un məlumatına görə, bunu bazar ertəsi Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları üzrə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib.

Nağdəliyevin sözlərinə görə, hazırda qarşıda duran əsas vəzifələrdən biri məntəqə seçki komissiyalarının tərkibinin keyfiyyətli təşkil olunmasına nail olmaqdır. “Çalışmaq lazımdır ki, onların tərkibi ali təhsilli və iş qabiliyyəti olanlardan təşkil olunsun, xarici dil bilən insanların seçki komisiyyalarında təmsil olunması da vacibdir”, – şöbə müdiri deyib.

Şöbə müdiri bildirib ki, əsas vəzifələrdən biri də daimi seçici siyahılarının hazırlanmasıdır və bu işdə yerli icra strukturları yaxından iştirak edir. “Bir neçə il bundan əvvəl aparılmış işlər sayəsində artıq Azərbaycanda real seçici siyahılarının hazırlanmasına nail olunur. Ötən seçkilərdə bir çox seçki məntəqələrində nöqsanlar aşkarlanıb və dairə seçki komissiyalarının sədrləri icra strukturlarının rəhbərləri ilə birgə qarşıdakı bələdiyyə seçkisində həmin nöqsanların yol verilməmısinə çalışmalıdırlar”, – Nağdəliyev deyib.

Onun sözlərinə görə, dairə seçki komissiyalarının 79-u üçün yeni bina tikilib, 46 bina təmir və müasir avadanlıqlarla təchiz olunub. “Qarşıdakı bələdiyyə seçkisinin keçirilməsi üçün yerli icra orqanları bir sıra vəzifələri yerinə yetirəcəklər. Hər bir bələdiyyənin ərazisində təbliğat aparmaq üçün açıq və qapalı yerlər müəyyən ediləcək. Bundan əlavə təşviqat materiallarının vurulması üçün xüsusi lövhələr hazırlanacaq”, – şöbə müdiri bildirib.

Azərbaycanda bəldiyyə seçkisinin dekabrın ortalarında keçirilməsi nəzərdə tutulur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO