Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qonşu ölkələrdə yayılan “donuz qripi” ilə bağlı Azərbaycanda respirator (nəfəs yolu) infeksiyalara yoluxan bütün xəstələrə müraciət edib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva çərşənbə axşamı Trend-ə bildirib ki, kəskin respirator xəstəliklərini ağır keçirənlər həkimə müraciət edirlər və onların laborator müayinələri aparılır.
Direktor müavininin sözlərinə görə, ancaq yaxşı olardı ki, adi respirator infeksiyalara yoluxan bütün xəstələr də ərazi üzrə poliklinikaların həkimlərinə müraciət etsinlər və onlar həkim təyinatı ilə müalicə edilsinlər.
Azərbaycanla qonşu ölkələrdə “donuz qripi”nin olduğunu deyən direktor müavini bildirib ki, indiyədək başqa ölkələrə gedib-gələn insanlardan “donuz qripi” ilə əlaqədar müayinə olunması üçün müraciət edən olmayıb. Bu günədək də Azərbaycanda bu xəstəlik qeydə alınmayıb. Çünki Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında kəskin respirator virus xəstəliklərini ağır keçirən bütün xəstələrin virusoloji laborator müayinələri aparılır. İndiyədək aparılan müayinələrin nəticəsində heç bir xəstədə qrip virusları aşkar edilməyib.
“Xəstələrdə nə A, nə də B virusları aşkarlanmayıb. Əgər laborator təsdiq yoxdursa, onda qripin də Azərbaycanda olması təsdiq edilmir. Hazırda insanlarda kəskin respirator virus infeksiyaları müşahidə edilir. Bu da mövsümi səviyyədə olan xəstəlikdir. Bu xəstəliklər hətta ötən aya nisbətən bir qədər azalıb. Yanvar ayının sonunda bir qədər artım var idi, ancaq fevral ayında xəstəlik stabilləşib, yəni qeydiyyat azalıb”, – Əliyeva deyib.
“Donuz qripi”nin digər ölkələrdən Azərbaycana da keçə bilməsini istisna etməyən direktor müavininin sözlərinə görə, Azərbaycanda bu xəstəliklə bağlı bütün hazırlıq işləri görülüb. Xəstəliklə əlaqədar yerli tibb müəssisələri yerlərdə maarifləndirmə işləri aparırlar. “Donuz qripi”nə yoluxa bilən xəstələrin hospitalizasiyası və müalicəsi üçün Elmi Tədqiqat Ağçiyər Xəstəlikləri İnstitutunda və Bakı şəhər 7 saylı Yoluxucu Uşaq Xəstəxanasında xüsusi şöbə ayrılıb. Qeyd edilən müəssisələr lazımi dərman və avadanlıqlarla tam təmin edilib.
“Əgər ətraf ölkələrdə epidemioloji situasiya ağırlaşırsa, ölkələrin hamısı hazırlıqlı vəziyyətə gətirilir. Azərbaycanda da hazırda həm stasionar müəssisələrdə hazırlıq işləri aparılıb, həm də tibb işçiləri bu barədə məlumatlandırılıb. Eyni zamanda, hər hansı yoluxmanı gözdən qaçırmamaq üçün respirator xəstəliklərini ağır keçirən insanların laborator müayinəsi aparılır”, – Əliyeva bildirib.