Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) axund və imamlar üçün “Xütbə nümunələri” adlı kitabın təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, QMİ-nin Dini Araşdırmalar Mərkəzi tərəfindən 2013-cü ildə çap olunan kitabın ön sözünün müəllifi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, rəyçi akademik Vasim Məmmədəliyevdir.
615 səhifədən ibarət kitabda müasir dövrün din xadimlərinin dini və dünyəvi biliklərə yiyələnməsi, həmçinin insanlara Vətən sevgisinin daha yüksək səviyyədə aşılanması üçün moizə və xütbələr yer alıb.
Kitab din xadimlərinə yardım olaraq hazırlanmış vəsaitdir və tövsiyə xarakteri daşıyır.
Kitabda 2013-cü il üçün xütbə mövzularının təqvimi şiə və sünni məzhəblərinə uyğun olaraq həftələrə və tarixi günlərə görə bölünüb.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, icma rəhbərləri, deputatlar iştirak ediblər.
Paşazadə çıxışında bildirib ki, bu kitab moizə və xütbələrin oxunması üçün ilk vasitədir. Şeyxin sözlərinə görə, yeni moizə və xütbələr daxil olduqca, kitabın yeni cildləri çap olunacaq. Bu baxımdan Paşazadə axundlara və icma rəhbərlərinə çağırış edib ki, moizə və xütbələri QMİ-yə göndərsinlər. QMİ sədri deyib ki, bu kitab sünni və şiə mənbələrindən istifadə olunub.
Şeyx bildirib ki, kitabdakı moizələr tövsiyə xarakterlidir.