Azərbaycan öz vətəndaşlarını evakuasiya etmək üçün Qahirəyə təyyarə göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə müvəqqəti yaşayan Azərbaycan vətəndaşları və təhsil alan tələbələrin evakuasiya olunmasına dair səlahiyyətli qurumlara göstəriş verib, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib.

Misirdə müvəqqəti yaşayan Azərbaycan vətəndaşları və təhsil alan tələbələr, səfirliyin əməkdaşları və onların ailə üzvləri ilk fürsətdə vətənə göndəriləcək, Poluxov deyib.
Həmçinin, şənbə günü Misirdə baş verən kütləvi iğtişaşlar nəticəsində həlak olan Azərbaycan səfirliyinin əməkdaşının cəsədi də bu təyyarə ilə vətənə gətiriləcək.
Misirdə hal-hazırda 70-ə yaxın azərbaycanlı oxuyur və yaşayır.

Xalqın etiraz aksiyaları ölkə prezidenti Hüsni Mübarəkin hökumətin istefası haqqında bəyanatlarına baxmayaraq, Misirin bütün böyük şəhərlərində davam edib. Misir lideri dünən millətə televiziya ilə müraciətində qeyd edib ki, xalqın azad şəkildə öz iradəsini bildirməsini, nümayiş hüququnu dəstəkləyir, lakin qeyd edib ki, bir sıra hallarda “nümayişçilər qanuni hədləri aşıblar”.

Misirdə iqtisadi və siyasi islahatların keçirilməsinin, həmçinin ölkəni 30 ildir idarə edən 82 yaşlı prezident Hüsni Mübarəkin istefasının tələb edildiyi nümayişlər yanvarın 25-də başlayıb. Cümə günü kütləvi etiraz aksiyaları Misirin Qahirə və digər şəhərlərində davam etdirilib. 24 nəfər iğtişaşların qurbanı olub, 1,1 mindən çox yaralanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO