“Azərbaycan və Avropa Şurası: İnsan hüquqları sahəsində əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Ombudsman Aparatında Avropa İnsan Haqları Konvensiyasının 60 illiyinə və Azərbaycanın Avropa Şurasına (AŞ) üzv qəbul olunmasının 9-cu ildönümünə həsr olunmuş “Azərbaycan və Avropa Şurası: İnsan hüquqları sahəsində əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova bildirib ki, Azərbaycan 2001-ci ilin yanvarın 25-də AŞ-nin tamhüquqlu üzvü seçilib. Elə həmin il dekabr ayının 25-də isə Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. E. Süleymanovanın sözlərinə görə, ötən müddət ərzində Azərbaycan AŞ-nin insan haqları ilə bağlı bir çox konvensiya və protokollarını ratifikasiya edib. Ümumilikdə Azərbaycan 230 beynəlxalq konvensiyaya qoşulub ki, onların da çoxu insan hüquqları ilə bağlıdır.

E. Süleymanova bildirib ki, AŞ-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 1690 və 1416 saylı qətnamələr xüsusilə önəmlidir. O, uğurlarla yanaşı, bir sıra problemlərin də olduğunu bildirib. Qarşıdan parlament və prezident seçkilərinin gəldiyini qeyd edən Ombudsman seçkilərdə qanun pozuntularının yolverilməz olduğunu bildirib: “Bütün səylərə baxmayaraq, hər seçki zamanı az da olsa, pozuntular baş verir. Biz MSK qarşısında parlament və prezident seçkiləri ilə bağlı treninqlər keçirmək məsələsini yenə qaldıracağıq”.

Ombudsman ölkədə medianın durumunun əvvəlki illərə nisbətən xeyli yaxşılaşdığını da vurğulayıb: “Bir vaxt həbsdə 10-dan artıq jurnalist vardı. Onların çoxu artıq əfv olunub. Amma Eynulla Fətullayevin və iki blogerin problemi hələ də qalır”. O, həmçinin qeyd edib ki, ötən il Daxili İşlər Nazirliyi sistemində yol verdiyi qanun pozuntularına görə, 134 hal üzrə nazirliyin 154 əməkdaşı cəzalandırılıb.

AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek isə bildirib ki, Azərbaycanla AŞ arasında əməkdaşlıq 1996-cı ildə başlayıb və hazırda uğurla davam edir: “Üzv dövlətlər ölkədaxili insan haqlarının vəziyyətini daha da yaxşılaşdırmağa cəhd göstərməlidir. Beynəlxalq təşkilat olaraq biz bu məsələdə məsuliyyət daşımırıq. Əsas məsuliyyət ölkələrin öz üzərinə düşür. İnsan haqlarının pozuntusu ilə bağlı daxil olan müraciətlər tam şəkildə araşdırılmalıdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO